Ölkə xaricində yaşayan azərbaycanlı gənclərin istənilən sahədə əldə etdiyi uğurlar bizləri sevindirir. Lakin bəzən gənclərimizdə ortaya çıxan qeyri-adi yetənəklər bizi sevindirməklə qalmır, həm də yaxşı mənada heyrət doğurur. Gözəllik yaradıcısı, vizajist və sosial media fenomeni Günay Həsənova da belə gənclərimizdəndir.
Instagram və TikTok hesablarında @gunaiiita ünvanı ilə transformasiya makiyaj videoları paylaşan Günay adi makiyaj vasitəsilə məşhurların hiperrealistik simalarını elə ustalıqla yaradır ki, bu dəyişiklik gözünün qarşısında baş verməsə, onun gerçək olduğuna inanmaq çətindir. Elə bu istedadının nəticəsidir ki, bu paylaşmalar ona 220.000-dən çox TikTok izləyicisi və 150.000 İnstaqram izləyicisi qazandırıb. Bu məşhurluq nəticəsində isə Günay Həsənovanın adı famousbirthdays.com (məşhurların doğum günü) saytında tanınmışlarla bir sırada TikTok Star (TikTok ulduzu) olaraq yer alıb. Qeyd edək ki, hazırda ABŞ-da yaşayan Günay Həsənova Bakıda doğulub böyüyüb. Günay YouTube-a 2018-ci ildə videolar yükləməyə başlayıb. Əvvəlcə müntəzəm makiyaj dərslərinə diqqət yetirib. 2020-ci ildə TikTok və İnstaqramda paylaşımlar etməyə başlayıb. 2022-ci ildən isə məşhurların transformasiya videolarını yaymaqla hər iki platformada populyarlıq qazanıb.
Günayın daha bir özəlliyi isə poliqlot olmasıdır ki, bu mükəmməl dil bilgiləri onun dünya çapında daha geniş auditoriya qazanmasına vəsilə olub. Onun yaratdığı personajlar sırasında David Bowie, Frida Kahlo, Leonardo Di Caprio, Turkan Soray, Maleficent, Harley Quinn, Daenerys Targaryen Bellatrix Lestrange kimi personajlar yer alır. Günay Həsənovanın təkcə “Titanik” filmindəki Rouz personajı üzrə yaratdığı video 5 milyondan çox izlənmə qazanıb.
Maraqlananlar həmin videoları @gunaiiita ünvanından hər iki platformada izləyə bilər.
SAMİRƏ