İtaliyanın ilk qadın baş naziri Giorgia Meloni süni intellektdən istifadə etməklə yaradılan saxta fotosu haqqında danışaraq, texnologiyanın siyasi sui-istifadə alətinə çevrilməsindən narazılığını bildirib.
Son günlər süni intellekt tərəfindən yaradılan və real olduğu iddia edilən müxtəlif fotoşəkillərin yayılmasından əndişəsini bildirən Meloni zarafatından da qalmayıb. “Etiraf etməliyəm ki, ən azı bu nümunədə yaradıcılar məni əslində olduğumdan daha yaxşı təsvir ediblər. Lakin əsas problem ondadır ki, indi yalan və böhtan yaratmaq üçün hər cür vasitədən istifadə olunur"- o deyib.
Problemin siyasətçilərin imicindən kənara çıxdığını bildirən italyan baş nazir deyib ki, həssas vətəndaşlar bu texnologiyadan böyük risk altındadır. Deepfake-ləri "təhlükəli silah" adlandıran İtaliya lideri kibertəhlükəsizliyin həyati əhəmiyyətini vurğulayaraq bildirib: "Baş nazir olaraq özümü qoruya bilərəm, amma bir çox həssas vətəndaşın bu seçimi yoxdur. Deepfake-lər hər kəsi aldada, manipulyasiya edə və zərər verə bilən təhlükəli vasitələrdir. Onlar günahsız insanların həyatını qaralda bilən silahlara çevrilə bilər”.
Sosial media istifadəçilərini dezinformasiyaya qarşı diqqətli olmağa çağıran Meloninin “İnanmazdan və paylaşmazdan əvvəl yoxlayın" tövsiyəsi isə Avropada süni intellekt tərəfindən yaradılan məzmunun hüquqi tənzimlənməsinə ehtiyac olduğu ilə bağlı müzakirələri yenidən alovlandırıb.
SAMİRƏ