"İran sizi və əsgərlərinizi birbaşa cəhənnəmin dərinliklərinə - həmişə mənsub olduğunuz yerə göndərəcək".
Bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi sosial mediada Trampın sözlərinə cavab olaraq yazıb.
İranın Ali Hərbi Komandanlığının sözçüsü general Əli Əbdüllahi Əliabadi isə “Təcavüzkar və davakar ABŞ prezidenti bir sıra məğlubiyyətlərdən sonra çarəsiz, əsəbi, balanssız və axmaqcasına İran infrastrukturunu və aktivlərini təhdid etməyi öz üzərinə götürüb", - deyə bildirib. O, həmçinin deyib ki, ABŞ yeni zərbələr dalğası başlatsa, "cəhənnəmin qapıları açılacaq".
Qeyd edək ki, ABŞ prezidenti Tehrana yenidən 48 saatlıq ultimatum verib. TruthSocial sosial media platformasında o yazır ki, Tehran növbəti 48 saat ərzində (yəni 6 aprel Bazar ertəsi gününə qədər) Vaşinqtonla "razılaşmalı" və ya Hörmüz boğazının blokadasını ləğv etməlidir. Əks halda, respublikaçı xəbərdarlıq edib ki, "bütün cəhənnəm İran üçün boşalacaq".
Qeyd edək ki, daha öncə də Tramp Hörmüz boğazının blokadasının qaldırılmasını tələb etmiş və bu edilmədiyi təqdirdə ABŞ ordusunun İranın enerji obyektlərinə zərbələr endirəcəyinə söz vermişdi.Lakin sonradan Tramp İranla danışıqları əsas gətirərək ultimatumu bir neçə dəfə geri çəkdi.
SAMİRƏ