Özbəkistan və Azərbaycan arasındakı münasibətlər gerçəkdən tarixi mərhələyə qədim qoyub. İki türk kökənli, müsəlman dəyərlərə sahib olan, keçmiş Sovet İttifaqında 70 il eyni məkanda müttəfiq respublika kimi yaşamış bu iki ölkə indi daha yaxın və strateji tərəfdaş səviyyəsinə qalxan münasibətlərə sahibdir. Hələ ötən əsrin 70-ci illərindən SSRİ tərkibində iqtisadi və mədəni əməkdaşlıq əlaqələri quran Azərbaycan və Özbəkistan, müstəqillik qazandıqları illərdə də əməkdaşlığı dayandırmayıblar. Xüsusilə vurğulanmalıdır ki, Ulu öndər Heydər Əliyev daima türkdilli ölkələrlə əlaqələrə böyük önəm verirdi.
Onun təşəbbüsü ilə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, habelə Rusiya Federasiyasının tərkibində olan türk kökənli respublikalarla mədəni və iqtisadi əlaqələr inkişaf etdirilirdi. Prezident İlham Əliyev də müasir dövrdə bu uğurlu və strateji siyasəti daha da inkişaf etdirmək xəttini tutdu. Xüsusilə Şövkət Mirzioyev hakimiyyətə gələndən sonra Azərbaycanla Özbəkistan arasındakı yaxınlıq strateji xətt üzrə inkişaf edir. Xüsusilə Türkiyə də daxil olmaqla yeni Türk Birliyinin yaradılması prosesində Azərbaycanın və Özbəkistanın fəal iştirakçı dövlətlər olduğunu qeyd etmək lazımdır. Ş.Mirzioyevin və İ.ƏIiyevin bu məsələdə böyük işlər gördükləri də göz qabağındadır. Açıq şəkildə görünür ki, bu iki respublika yeni Türk Birliyi platformasının yaradılması məsələsində can yandırır.
İki Türk respublikası arasındakı münasibətlərdə hər iki ölkənin iqtisadi maraqları da ön planda dayanır. Azərbaycan artıq təkcə Qafqaz regionunda deyil, həmçinin Avropa qitəsinin iqtisadi zonasında da fəal oyunçu sayılır. Elə təkcə ölkəmizin Avropanın enerji təhlükəsizliyi üçün bir nömrəli tərəfdaş olduğunu nəzərə almaq kifayətdir ki, rəsmi Bakının bütün dostları və qonşuları üçün nə qədər önəmli ölkə olduğunu görə biləsən. Ş.Mirzioyevin Bakıya bu dəfəki səfəri, xüsusilə işğaldan azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulmasında Özbəkistanın fəal iştirakı mənəvi bağlılığımızın, sosial-iqtisadi əlaqələrimizin möhkəmlənməsi üçün böyük zəmin yaradır.
Nəzərə alsaq ki, Özbəkistan da iqtisadi infrastrukturuna, istehsal gücünə görə keçmiş sovet ərazisində mühüm ölkələrdən sayılır, o zaman bu tərəfdaşlığı iki ölkənin gələcək münasibətləri üçün uzunmüddətli təminat adlandırmaq yerinə düşər. Amma ən böyük diqqət çəkən məqam iqtisadi gücə sahib olan iki ölkənin Türk Birliyi üçün iqtisadi baza rolunu oynamasıdır.
Mətləb Salahov