Demək olar son on-on beş gündür ki, ölkə mediası, sosial şəbəkələr, hətta xeyir-şər məclisləri Xalq artisti Rasim Balayevin QEYBƏTİ ilə məşğuldur. Bəli, açıq-aşkar QEYBƏT! Bu səviyyəli, bu mövzulu müzakirələr ancaq və ancaq QEYBƏTDİR, başqa heç nə.
Əvvəlcə əziz oxuculardan çox rica edirəm ki, məni də təkrarçılıqda, "Rasim Balayev işi"ni gündəmə gətirib yoruculuq etməkdə günahlandırmasınlar. Mən "Rasim Balayev işi"ndəki toplum olaraq bizim min illərdir ibtidai icma quruluşundan, feodalizmdən üzübəri bizimlə yol gələn və axırımıza çıxan qüsurlar barədə danışacam. Bəs nə olub, nə baş verib ki, ömrünü Azərbaycan kino sənətinə həsr edən, ölkə Prezidenti İlham Əliyev tərəfindən medal və dövlət mükafatı almamışdan qabaq bu yaxınlara qədərə hamının bəh-bəhlə əsl sənətkar, ağsaqqal deyib göyə qaldırdığı böyük sənətkar birdən-birə "arzuolunmaz şəxsə" çevrildi? Səbəb nə idi ki, onsuz da olan-qalan əsl sənətkar nəslindən bizlərə sərvət kimi qalan bu nadir insanları belə "topa tuturlar"? Səbəb, sadəcə, budur: KÜTLƏ ŞÜURU, vəssalam!
Amma R.Balayevin az qala psixoloji intiharına səbəb olacaq son hadisələr, onun səbəbləri barədə xırdalıqlarına qədər danışmazdan qabaq bir məqama diqqət edəcəm. Biz - Azərbaycan cəmiyyəti on illər boyu sevə-sevə əzizlədiyimiz dəyərli insanları bir saniyədəcə silib məhv etməyə, onu xalq düşməni, xalqa arxa çevirən pis sima kimi gözümçıxdıya salmağa hazır olan toplumuq.
Kimlər bu cəmiyyətdə bir andaca gözdən salınmayıb, kimlərin "kitabı bağlanmayıb", kimlər heç nədən kütlənin qabağına yağlı "əppək" kimi atılmaylb ki? Həmin toplum ki, illərlə bu ölkənin qaymaq deyə biləcəyi ziyalı təbəqəsini, düşünən beyinlərini əsl düşmən kimi efirlərdə, sosial şəbəkələrdə 34 yaşında Xalq artisti olan, Babək, Beyrək, Nəsimi obrazları ilə Azərbaycanda bütöv bir nəslin vətənpərvər, xalqa bağlı vətəndaş mövqeyi ilə seçilən AZƏRBAYCANLI kimi böyüməsinə töhfələr vermiş bir sənətkar cinsi azlıq, ləçər, əxlaq pozğunu olan gədə-güdənin mənəviyyat qəssabxanasına çevirdikləri sosial şəbəkələrdə BİLƏ-BİLƏ gözdən salınırsa, bunun həm də ən böyük günahkarı Azərbaycan cəmiyyətidir.
Kütlədən fərqli olan, düşünən cəmiyyət, bu xalqın dəyərlərinin asanlıqla kütlə sürüsü tərəfindən - savadsızların, düşüncəsiz şəkildə bilə-bilə təxribat törətmək istəyənlərin, həyatda beş-üç qəpiyə görə düşmənlərin informator alətinə çevrilənlərin əli ilə dəyərli insanların məhv edilməsinə göz yummamalıdır!
Bax, bütün dəyərləri amansızca məhv edən həmin KÜTLƏ budur! Amma düşmənimiz olan erməni özünün olmayan yalançı "qəhrəmanlarını" uydurub saxta tarix yaradır, dünyaya “böyük dəyər” kimi tanıdır, Azərbaycan mədəniyyətindən, adət-ənənələrindən oğurladıqları ilə özünü “qədim xalq” kimi dünyaya sırımaq istəyir, mənim cəmiyyətimiz isə əlində olan böyük dəyərlərimizi gözüyumulu şəkildə məhv edir. Məsələ təkcə R.Balayev məsələsi deyil. Məsələ özümüzə aid olan dəyərlərimizi, dəyərli insanlarımızı qəpik-quruşa xərcləmək xəstəliyimizlə bağlıdır.
Nə demişdi R.Balayev BBC-yə müsahibəsində? Demişdi ki, o, Prezidentlə görüşə sosial problemləri, rüşvəxtkor məmurları müzakirə etmək üçün, əhalinin yaşayış və dolanışığı barədə gileylənmək üçün getməyib. Yalanmı deyir? – qətiyyən! Sənətkara dövlət mükafatı verilib, dövlət başçısı dəvət edib, bu kişi də gedib görüşə. Mənim xanım həmkarım da sənətkara israrla deyir ki, niyə ölkədəki sosial vəziyyəti, bəzi məmurlar tərəfindən edilən haqsızlıqları müzakirəyə çıxarmadın? Məgər bu ölkənin Prezidenti rüşvətxor, işində nöqsanlara yol verən məmurlar barədə hər zaman ən sərt şəkildə tənqid dolu fikirlərini açıq ifadə etmirmi? Məgər rüşvət üstündə onlarla məmur cəzalandırılıb həbsxanada cəza çəkmirmi? – çəkir.
Məgər ölkə rəhbəri R.Balayevi ölkədəki gündəm barədə məsləhətləşmələr üçünmü görüşə çağırmışdı? Guya sual verən xanım dövlət protokolundan bixəbərdirmi? Yoxsa, bilə-bilə aqressiv sual yağışına tutmaqla sənətkarı kütlənin dilinə-dişinə salmaq istəyirdi? – hər şey mümkündür və istədikləri də oldu. Həmin sosial şəbəkələrdəki klaviatura arxasında bağırıb çığıran, sosial ədalətsizliyə “dərd yanan” kütlə, hər gün cinsi azlıq gədələrlə, həyasız, ləçər həyatı yaşayan “tik-tokerlərlə”, “həcilərin” kedicik bozbaş səviyyəli “müğənniləri” ilə şəkil çəkdirmək, salam vermək üçün restoranlarda, şadlıq saraylarında, turizm bölgələrində sıraya düzülürlər.
Siz kütlə, bəs həmin cinsi azlıq gədələrdən, ləçər “tik-tokerlərdən”, maska həci “müğənnilərindən” niyə soruşmursunuz ki, onları bəsləyən rüşvətxor vəzifəlilər bu pulları haradan qazanırlar? Niyə cinsi azlıqları, fahişələri bu həddə çatdırıb ölkədə mənəviyyatı, KİŞİLİYİ gözdən salırlar? Olan-qalan dəyərli kişiləri də sosial şəbəkələrdə bihörmət edib gözdən salmaq, bütün dəyərlərimizi – fərq yoxdur, aktyor olsun, sənətkar olsun, dindar olsun, jurnalist olsun, sosial şəbəkələrdə ortaya qoyub başına oyun açmaq erməni siyasəti üçün əsl hədiyyədir, vəssalam!
Mətləb Salahov