Azərbaycan dövləti tərəfindən virusa yoluxma hallarının qarşısının alınması sahəsində bütün mümkün addımlar atılır, qabaqlayıcı tədbirlər görülür. Həyata keçirilən bütün tədbirlər cəmiyyətimizin ayrı-ayrı təbəqələri, bütövlükdə isə vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Bildiyimiz kimi, Prezidentə Azərbaycanın hər yerindən məktublar yazırlar, vətəndaşlar bu istiqamətdə görülən işlərin uğurlu nəticələrindən məmnunluq duyduqlarını qeyd edirlər.
Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndindən kənd sakinləri adından 1-ci dərəcəli “Əmək” ordenli Həziyev Oqtay Prezidentə yazdığı məktubda cocuqmərcanlılıların Prezidentin həyata keçirdiyi bütün tədbirləri dəstəklədiklərini bildirir:“Bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik.
Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq”.