Məlum olduğu kimi, Azərbaycan dövləti bütün resurslarını, gücünü koronavirus kimi gözəgörünməz, lakin çox amansız olan, canlar alan, ocaqlar söndürən bir “düşmən”lə mübarizə istiqamətində səfərbər edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan və hazırda davam etdirilən pandemiya ilə mübarizə hərəkatı ölkənin tanınmış ziyalıları, mədəniyyət və elm xadimləri tərəfindən də ciddi şəkildə dəstəklənir.
Bakı şəhəri, Xəzər rayonundan Xəzər Rayon Ziyalılar Cəmiyyətinin sədri, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvü, tarix elmləri doktoru, görkəmli etnoqraf alim, professor Təvəkkül Səlimov Prezidentə ünvanladığı müraciətdə ölkə başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən antivirus tədbirlərinin və əhalinin həssas qruplarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı gerçəkləşdirilən proqramların ölkə ziyalıları, elm xadimləri tərəfindən dəstəkləndiyini qeyd edir:
“Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əməkhaqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əməkhaqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir. Bütün bunlar Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur”-deyə bildirən görkəmli alim həmçinin məktubunda qeyd edir ki, Xəzər rayonunun ziyalıları, habelə rayonunun qədirbilən sakinləri bu çətin günlərdə də Prezidentin Azərbaycan yolunda atdığı bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə ölkə başçısını dəstəkləyirlər.
İradə SARIYEVA