Ptezidentin “Azərenerji” rəhbərliyi ilə görüşdə söylədiyi "enerji potensialımız iqtisadi inkişafa uyğun olmalıdır" fikri bu gün bütün enerji sektoru qarşısında qoyulmuş əsas strategiyadır. Deyiliş tonundan hiss olunur ki, Prezident əldə olunmuş indiki səviyyə ilə kifayətlənmir və iqtisadiyyatdakı yeni çağırışları qabaqlamaq üçün yenə də nələrinsə edilməsini vacib sayır. Tamamilə doğrudur ki, enerjiyə müasir tələbatın yeni tendensiyaları yaranır və neft kimi ənənəvi enerji resursunun qiymət tənəzzülü elektrik enerjisinin ən müxtəlif növlərinə tələbatı artırır.
Bu sözləri baki-xeber.com-a eyniadlı saytın və qəzetin qurucusu və baş redaktoru, politoloq Aydın Quliyev ölkə başçısının “Azərenerji” rəhbərliyi ilə görüşdə səsləndirdiyi fikirləri şərh edərkən deyib. Politoloqun sözlərinə görə, görüşdə deyilənlərdən yaxın dövr üçün enerji tariximizdə bir-birini əvəz etmiş mərhələlərin və birindən o birinə keçidin təsadüf olmadığını öyrəndik:”Təsdiqlənir ki, bir vaxtlar elektrik enerjisi sektorumuzun bəzi xarici investorlara verilməsi və sonra yenidən dövlətləşdirilməsi zamanın obyektiv tələbi idi. Prezident illər öncə enerji sektorumuzun dövlətləşdirilməsi ilə yeni inkişaf mərhələsinin başlandığını faktlarla izah etdi. Bu gün Azərbaycanın elektrik enerjisinin əlçatanlığına görə dünyada qabaqcıl yer tutması məhz həmin dövlətləşdirmə siyasətinin mühüm nəticələrindən biri sayıla bilər”.
Aydın Quliyevin sözlərinə görə, ortada olan real fakt budur ki, Azərbaycanın elektrik enerjisi sektorunda xarici investisiyaların yeni iştirak mərhələsi açılıb:”Bu yeni mərhələ iki nöqteyi-nəzərdən daha çox diqqət cəlb edir. Dövlətlər arasında əlaqələrin və iqtisadi fəallığın azaldığı indiki şəraitdə Azərbaycanın enerji sektoruna böyük xarici investisiya marağı var və Azərbaycan hakimiyyəti bu sektorda xarici investisiyanın iştirakı üçün çox konkret, şəffaf və milli maraqlara uyğun şərtlərlə çıxış edir. Bu sektora müraciət edən 7 xarici şirkətdən 2-nin seçilməsi isə marağın böyüklüyündən xəbər verir”.
Politoloq deyir ki, Prezidentin xarici investorları əsasən yeni elektrik stansiyalarının qurulmasına vəsait qoymağa dəvət etməsi dəqiq və perspektivli şərtdir:”Prezidentin enerji sektorumuza xarici investorların gəlişini konkret şərtə bağlaması praktik və strateji əhəmiyyət daşıyır. Heç şübhə yoxdur ki, xarici investorlar üçün şərtlərin dəqiq və şəffaf olması çox önəmlidir. Prezidentin nümayiş etdirdiyi bu mövqe Azərbaycanın enerji sektorunda bir vaxtlar olduğu kimi "BARMEK"ə bənzər şirkətlərin peyda olmasının qarşısını kəsinliklə almağa yönəlib. İndi xarici investorlar dəqiq bilir ki, Azərbaycanın enerji sektoruna hansı şəraitdə işləməyə gəlirlər”.
Aydın Quliyevin məlum görüş barədə son dəyərləndirməsi isə belə oldu:”Prezidentin “Azərenerji”də görüşü enerji tariximizdə dövlətləşdirmə və özəlləşdirməyə dair bir sıra ibrətamiz faktların açılması, habelə perspektivlərin göstərilməsi nöqteyi-nəzərindən əhəmiyyətlidir”.
Baki-xeber.com