Liviyanın öldürülmüş keçmiş lideri Müəmmar Qəddafinin keçmiş Fransa prezidenti Nikola Sarkozinin 2007-ci ildəki seçki kampaniyasına maliyyə dəstək verdiyini sübut edən yeni yazılı sənədlər ortaya çıxıb.
Baki-xeber.com xəbər verir ki, Fransada qalmaqallı xəbərləri ortaya çıxarmaqla məşhurlaşan “Mediapart” xəbər saytı yazır ki, Liviyanın keçmiş neft nazirlərindən olan və 2012-ci ildə Avstriyanın paytaxtı Vyanada ölü tapılan Şükrü Qanemə aid olduğu bildirilən əlyazma dəftər tapılıb. Sayt qeyd dəftərinin Sarkozi haqqında araşdırma aparan fransız prokuror Serge Tournairein əlində olduğunu yazır. Bildirilir ki, dəftər bir Norveç şirkəti haqqında aparılan araşdırma ilə bağlı Qanemin Hollandiyada yaşayan kürəkəninin evində aparılan axtarış zamanı ələ keçirilib.Dəftər daha sonra fransız prokurora çatdırılıb. Sayt qeydlərə istinad edərək Liviyanın keçmiş liderinin Sarkozinin kampaniyasına 6,5 milyon avrodan çox maliyyə dəstəyi verdiyini iddia edir.
Paris Prokurorluğu sözügedən ittihamlarla əlaqədar 2013-ci ildə araşdırmalara başlayıb. Prokurorluq araşdırmanı, Liviya əslli iş adamı Ziad Takieddinenin Qəddafi rejiminin devrilməsindən qısa müddət əvvəl 1,5 milyon avronu gizli şəkildə Fransaya aparması iddialarından sonra başlatmışdı.
Iddialara görə, Liviya əsilli iş adamının daşıdığı pul Sarkozinin seçki kampaniyası üçün istifadə edilib.
Tunisdə həbsdə olan Liviyanın keçmiş baş naziri Bağdadi Mahmudi də 2012-ci ildə vəkilləri vasitəsilə, Sarkozinin 2007-ci ildəki seçki kampaniyasına Qəddafi rejimi tərəfindən maliyyə dəstəyi verildiyini bəyan edib.