Səudiyyə Ərəbistanı neft qiymətlərinin aşağı olduğu bir vaxtda bütün nazirlərin maaşlarını 20 faiz ixtisar edib və məmurlara verilən maliyyə mükafatlarını və güzəştləri yığışdırıb.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, hökumətin “Əkbəriyyə” dövlət telekanalı vasitəsilə yayılmış bəyanatına görə, yeni təbdirlər məmurların gəlirlərinin ciddi ixtisarını nəzərdə tutulduğunu yazır.
Bəyanatda deyilir: "Hökumət bir sıra pul mükafatlarını və müavinətləri dayandırmağı qərara alıb".
Televizya ilə translyasiya edilən müşavirədə kral Salman da daxil, monarx ailəsinin üzvləri, bütün nazirlər iştirak edib.
"The Guardian" qəzeti vurğulayır ki, dövlət qulluqçuları Səudiyyə Ərəbistanında işləyənlərin üçdə birini təşkil edirlər. Neft qiymətlərinin düşməsi enerji ixracatçıları olan Körfəz ölkələrini səxavətli hökumət xərclərini azaltmağa məcbur edib.
Məqalədə deyilir ki, ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 100 milyard dollar olub və hökumət vəsaitlərə qənaət etməyin yollarını axtarır.
Kral fərmanında hökumət üzvlərinə verilən kirayə və avtomobil dotasiyaları da 15 faiz ixtisar edilir. Fərmanda habelə əlavə iş üçün verilən maaşların 25-50 faiz ixtisar edilməsi nəzərdə tutulub. Məzuniyyət müddəti bundan sonra 30 gündən artıq olmamalıdır.
Maaş və mükafat ixtisarlarından yalnız ölkənin cənub sərhədini qoruyan, habelə Yəməndəki kampaniyada iştirak edən hərbçilər istisna edilib.
Səudiyyə təhlilçilərindən “Əl-Ərəb News” saytının redaktoru Camal Kaşoqqi deyib ki, bu tədbirlər adamların xoşuna gəlməsə də zamanın hökmüdür. Təhlilçi deyib ki, maaşların azaldılması müəllimlərin və digər peşəkarların da qazanclarını təsirləndirəcək.
"The Guardian" yazır ki, Səudiyyə Ərəbistanının "2030-a baxış" adlı təşəbbüsü iqtisadiyyatın neft aludəçiliyindən azad edilməsini, özəl bizneslərin inkişaf etdirilməsini nəzərdə tutur. Bundan başqa hökumət əlavə gəlir mənbələri kimi yol hərəkəti qaydalarının pozulmasına görə cərimələri, habelə əcnəbilər üçün viza qiymətlərini qaldırıb.
Məqalədə deyilir ki, Səudiyyə ötən dekabrda əhaliyə verilən elektrik və su subsidiyalarının ixtisarı barədə qərar qəbul etmişdi. Lakin yeni ixtisar tədbirlərinin təşəbbüsçüsü olan vəliəhd şahzadə müavini Məhəmməd bin Salman deyib ki, əhaliyə verilən su üçün dotasiyaların ixtisarı barəfə qərar hələlik icra olunmayıb.