Qırğızıstan prezidenti Almazbek Atambayev müalicə üçün Moskvaya gedib. Bu barədə sentyabrın 23-də prezidentin rəsmi saytı məlumat yayıb.
Atambayev sentyabrın 20-də BMT-nin Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyasına gedərkən yolda halı pisləşib və təyyarəsi Türkiyəyə məcburi eniş etməli olub. Həkimlər onun ürəyində problem olduğunu deyirlər. Bundan sonra prezident müalicə üçün oktyabrın 1-dək məzuniyyət götürməli olub.
Sentyabrın 17-də Atambayevin 60 yaşı tamam olub.
2011-ci ildə prezident seçilən Atambayevin səlahiyyət müddəti gələn ilin sonunda bitir. Ölkə konstitusiyasına görə, prezident ikinci dəfə seçilə bilməz.