ABŞ İranla nüvə razılaşma çərçivəsində Airbus firmasının Tehrana 17 ədəd sərnişin təyyarəsi satışını təsdiqləyib. Baki-xeber.com xəbər verir ki, “Airbus” firması İrana 17 ədəd təyyarə satışı ilə bağlı ABŞ Maliyyə Nazirliyi tərəfindən onlara satış lisenziya verildiyini açıqlayıb.
Satış lisenziyasının ABŞ-la İran arasında nüvə razılaşması ilə bağlı iqtisadi öhdəliklər çərçivəsində verildiyi qeyd edilir.
17 sərnişin təyyarəsinin A320 və A330-lardan ibarət olduğunu deyən Airbus rəhbərliyi, ilk icazənin ardından bir müddət sonra digər təyyarələrin satışı üçün də icazə alacaqlarına ümid etdiklərini bildirib.
Bu razılığın amerikalı və iranlı diplomatların BMT Baş Assambleyası toplantısı çərçivəsində Nyu Yorkda bir araya gəlməsinin ardından baş tutması diqqət çəkir.
Xatırladaq ki, yanvar ayında “Airbus”la Tehran arasında 22,8 milyard avro (25 milyard dollar) dəyərində 118 sərnişin təyyarəsini əhatə edən razılaşma imzalanmışdı. Anlaşmaya görə 21 A320ceo, 24 A320neo, 27 A330ceo, 18 A330neo, 16 A350-1000 və 12 A380 satışı mövzusunda razılığa gəlinmişdi.
Onu da qeyd edək ki, ABŞ-ın “Airbus”da 10 faiz payı olduğuna görə, şirkət Vaşinqtonun razılığı olmadan İrana məhsul sata bilmir.