Rusiya hakimiyyətinə müxalif mövqeyi ilə tanınan Aleksey Navalnynın korrupsiya ilə mübarizə fondu Rusiya baş naziri "Dmitri Medvedyevin gizli bağı" haqqında araşdırma hazırlayıb.
Baki-xeber.com “Azadlıq radiosu”na istinadən xəbər verir ki, Navalnynın "nəhəng ölçülü iqamətgah" adlandırdığı bu bağ Plyos şəhərciyi yaxınlığında yerləşir. Onun ümumi sahəsi 80 hektardır. Bağın çevrəsinə 6 metr hündürlüyündə hasar çəklib.
Navalny deyir ki, bu sahə 3 Kreml və 30 Qızıl Meydan deməkdir.
Araşdırmada deyilir ki, bağ "Quruluşca "Novoye Oqoryovo"ya bənzəyir: "birinci şəxsin" iqamətgahı daxili hasarla dövrələnib. Xarici perimetrin içərisində isə əməkdaşlara otellər, avtobazalar və s. var".
Navalny iddia edir ki, bu bağ evi Medvedyevə aiddir. Baş nazir tez-tez buraya baş çəkir. Bu, onun “İnstagram”a qoyduğu şəkillərdən də görünür.
Navalny onu da iddia edir ki, malikanə "DAR" xeyriyyə fondunun puluna alınıb: "Qaz nəhəngi "NOVATEK"in səhmdarları Leonid Mixelson və Leonid Simanovski "DAR" xeyriyyə fondunun nizamnamə fonduna 33 milyard (birbaşa deyilməsə də, söhbət 33 milyard rubldan - yarım milyard dollardan çox bir məbləğdən gedir –red.) yatırıblar (Bu fondun müşahidə şurasının rəhbəri Medvedyevin tələbə yoldaşı olub). Fond da həmin pullarla bir neçə qəribə bağı olan obyekt tikməyə başlayıb. Onlardan biri də budur".
Baş nazirin mətbuat katibi Natalia Timakova isə bildirib ki, Navalnynın tapdığı ev Medvedyevə məxsus deyil: "Adıçəkilən obyektlər... Dmitri Anatolyeviç Medvedyevin mülkiyyətində deyil və bu bağ evinə nə onun, nə də ailə üzvlərinin hər hansı hüquqi əsası var".