Suriyanın Türkiyə sərhədi yaxınlığındakı Çobanbəy qəsəbəsinə gedən Amerika xüsusi təyinatlıları burada Azad Suriya Ordusunun (OSO) daxilindəki bəzi müxaliflərin etirazı ilə qarşılaşıb.
Baki-xeber.com xəbər verir ki, İŞİD-in əlindəki El Bab bölgəsinə qarşı Türkiyənin Azad Suriya Ordusu ilə birgə planlaşdırılan hərbi əməliyyatına dəstək vermək üçün qəsəbəyə gələn 29 ABŞ hərbçisi müxaliflər tərəfindən etirazla qarşılanıb və gərginlik yaranıb. Bundan sonra ABŞ əsgərləri qəsəbədən ayrılmaq məcburiyyətində qalıb.
ABŞ əsgərlərinin zirehli maşınları da Türkiyədən Öncüpınar sərhəd keçid məntəqəsindən Suriya ərazisinə keçirilib. Amerikalıların Suriyaya girişi İŞİD təhdidinə görə gizli saxlanıb.
Aralarında dörd rütbəli zabitin də olduğu 29 Amerika xüsusi təyinatlısı helikopterlə Çobanbəy qəsəbəsinə gedib. Ancaq müxaliflər onların əlişini xoş qarşılamayıb. “Sputnik” xəbər verir ki, onların gəlişinə əsasən Nurəddin əl Zengi, Ceyşül Təhrir, Həmzə Briqadası, Şam Cəbhəsi və Sultan Murat Diviziyası qrupları etiraz edib.
“Amerika Suriyadan rədd ol” və “Tək yol İslam və Məhəmmədin yoludur” şüarları ilə amerikalı əsgərlərin üzərinə yeriyən müxaliflərin qarşısını orada olan türk əsgərləri alıb.
Məlumata görə, müxalif qruplar arasında uzun mübahisədən sonra ABŞ əsgərlərinin Babın mühasirəsinə qatılmaması barədə ortaq qərar qəbul edilib.
Bu qərardan sonra ABŞ əsgərləri Türkiyə hərbçilərinin müşayiətilə Azezin Havar kəndində gedib. Bəzi məlumatlara görə, isə ABŞ əsgərləri Türkiyəyə geri dönmək məcburiyyətində qalıblar. Amerika xüsusi təyinatlılarının Bab əməliyyatında iştirak etmək üçün müxalif qruplarla danışıqları davam etdirdiyi də bildirilir.
ABŞ əsgərləri əməliyyat çərçivəsində ikinci cəbhədə olacaq və daha çox məsləhət verəcəklər.
O da iddia edilir ki, ABŞ əsgərlərinin Əl Bab əməliyyatına qatılmamasını əslində Türkiyə istəmir.