Rusiya xəbərdarlıq edib ki, ABŞ "mötədil" üsyançıların ekstermistlərdən kənar durması üçün yetərincə iş görməyəcəyi təqdirdə, üsynaçılara qarşı hava hücumlarını bərpa edə bilər.
Baki-xeber.com xəbər verir ki, yüksək rütbəli hökumət rəsminin BBC-ə bildirdiyinə görə, Suriya hökumətinin müttəfiqi olan Rusiya çox gözləyə bilməz.
Suriyadakı döyüşlərin dayandırılmasına səbəb olmuş yeni razılaşmaya görə, yalnız özünü İslam Dövləti (İD) adlandıran qruplaşma və əvvəllər “əl-Qaidə”yə bağlı qruplaşma hədəfə alına bilər.
Bu arada isə BMT mühasirədə olan Hələb şəhərinə yardım göndərə biləcəyi vaxtı gözləyir. Bazar ertəsi atəşkəs tətbiq olunmağa başlayandan sonra təxminən 20 yük maşını Türkiyədən Suriyaya və üsyançıların nəzarətində olan Hələbə keçməyi gözləyir.
BMT-nin bildirdiyinə görə, onlar hələ yük maşınlarını müxalifətin nəzarətində olan ərazilərə keçməsi üçün Suriya hökumətindən razılıq ala bilməyiblər.
Həmin ərazilərdə təxminən 250 min insanın ərzaq və tibbi yardıma ehtiyacı olduğu bildirilir.
Məlumatlarda deyilir ki, Rusiya və Suriya hökumətinə məxsus qüvvələr cümə axşamı Hələb ətrafından çəkilməyə başlayıb. Lakin bu, müstəqil mənbələr tərəfindən təsdiqini tapmayıb.
ABŞ və Rusiya arasında imzalanmış razılaşmaya əsasən Suriya və üsyançı qüvvələr yardım karvanının keçəcəyi yoldan geri çəkilməli idilər.
Britaniyada mənzillənmiş monitorinq qrupunun bildirdiyinə görə, Rusiya qoşunları yol boyu Suriya hökumət qüvvələrini əvəz edir.
Üsyançı qüvvələr bildirib ki, hökumət qüvvələri çəkilməyənə qədər onlar da karvanın keçəcəyi Kastello küçəsindən getməyəcəklər.