Bir neçə gün əvvəl ABŞ prezidenti Barak Obama haqqında təhqiredici ifadələr işlətməklə diqqət mərkəzinə gələn Filippin prezidenti Rodriqo Duterte iddialara görə Davao şəhərinin meri olarkən ədliyyə departamentinin agentinə Uzi avtomatı ilə atəş açaraq onu öldürüb.
Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, iddia mühakiməsiz edamlarla bağlı televiziyalarda da canlı yayımlanan Senat dinləmələrində sui-qəsd timinin keçmiş üzvü Edqar Matobato tərəfindən irəli sürülüb.
Onun iddia etdiyinə görə, Dutarte 25 il ərzində ona və digərlərinə təxminən 1000 nəfər kriminal və siyasi rəqibi öldürməyi tapşırıb.
Matobato 1993-ci ildə bir yoxlama məntəqəsində qarşıdurmada Ədliyyə Nazirliyinin bir rəsmisini yaraladıqlarını bildirib: "Onun işini bələdiyyə sədri Duterte bitirdi. O gələndə Ədliyyə Nazirliyinin rəsmisi Jamisola hələ asağ idi. Uzi avtomatının bütün patronlarını onun üzərinə boşaltdı".
Qeyd edək ki, Duterte keçmişdə mühakiməsiz edamlara qarışması barədə iddiaları rədd edirdi. Ancaq bununla bağlı araşdırmasına davam etdirən Senat hadisələrdə iştirak edən ya da şahid olanların ifadələrini toplayır.
İfadəsi Senat televiziyasında da canlı yayımlanan Matobato qətllərin detallarını da açıqlayıb. Onların mafiya üsulları ilə öldürüldüyünü, qurbanlardan birinin cəsədini isə timsahlara yedirdiyini deyib.
57 yaşlı Matobato Dutertenin Davao Ölüm Timi adında bir qrup qurduğunu və özünün də bu qrupun üzvü olduğunu da bildirib: "Bizim işimiz narkotik alverçiləri, təcavüzkar və oğruları öldürmək olub".
Matobato Dutertenin siyasi rəqiblərinin də hədəf alındığını, onların arasında bələdiyyə sədrliyində rəqibi Prospero Noqralesin dörd mühafiçəsinin olduğunu da bildirib.
Matobatoya görə, Duterte 1993-ci ildə Davao Katedralında baş vermiş hücumun intiqamını almaq üçün bir məscidin bombalanması əmrini də veribmiş.
Ancaq Dutertenin sözçüsü iddiaları rədd edib. Prezidentin sözçüsü Martin Andanar bildirib ki, prezidentin mer olduğu zamankı fəaliyyətinə dair araşdırmalar nəticəsizdir: "Dutertenin bu cür əmrlər verə biləcək bir mövqedə olduğuna inanmıram".