Britaniyanın Səudiyyədəki səfiri İslamı qəbul etdikdən sonra Məkkəyə Həcc ziyarəti edib. Baki-xeber.com xəbər verir ki, səfir Simon Kollislə onun xanımı Huda Mujarkeç də Həcc ziyarətində olub.
Britaniya mətbuatı yazır ki, 60 yaşlı Kollis Həcc ziyarəti edən ilk Birləşmiş Krallıq səfiridir.
Səudiyyə yazıçısı və qadın haqları fəalı Favziye Elbekr öz Tvitter hesabından yazıb: “Britaniyanın Krallıqdakı səfiri İslamı qəbul etdikdən sonra Həcc ziyarətinə çıxıb. Simon Kollis və arvadı Huda Məkkədə. Allah böyükdür”.
O, səfirin şəkillərini də paylaşıb.
Tvitter istifadəçilərindən səfiri təbrik edənlər arasında Səudiyyə şahzadəsi Basmah bin Saud da var. “Səfirə və xanımına xüsusi təbriklər” – yazır şahzadə.
Bütün təbrik edənlərə təşəkkürünü bildirən səfir yazır ki, “qısası, ömrümün 30 ilini müsəlman cəmiyyətlərində yaşayandan sonra və Huda ilə evlənməzdən öncə İslamı qəbul etdim”.
Kollis 2015-ci ildən bəri Britaniyanın Səudiyyədəki səfiridir. Bundan əvvəl o İraq, Suriya və Qətərdə səfir olub.
Kollis 2012-ci ildə Suriyada artan təhlükəsizliyə görə, Britaniya XİN tərəfindən geri çağırılan diplomatlar arasında olub. O, həmcinin Suriyada prezident Bəşər Əsədi açıq və kəskin tənqid edib.
Bundan başqa cənab Kollis Dubay, Bəsrə, Tunis, Dehli və Əmmanda müxtəlif diplomatik vəzifələrdə xidmət edib.