Türkiyənin “Yeni Şafak” qəzeti ABŞ səfiri Con Bassın Artvin bölgəsinə gızli səfəri ilə bağlı xəbər yayıb.
Sözügedən səfəri provokativ kimi xarakterizə edən nəşr bunun əsas göstəricisi kimi Con Bassın bölgəyə səfirlik maşını ilə deyil, şəxsi avtomobillə getməsini qeyd edir. Bildirir ki, ölkə DİN-in 28 bələdiyyəyə qəyyum təyin etməsinin ardından “terrorist bələdiyyələrin” müdafiəsinə qalxan Con Bassın sürpriz ziyarəti məhz bu səbəbdən diqqətləri üzərinə çəkib. Nəşrin versiyasına görə, güman olunur ki, bu sürpriz səfər də yerli əhalini provokasiyaya çəkməyə hesablanıb. ABŞ-ın müttəfiqim dediyi Türkiyə dövlətinin deyil, terrora dəstək verən bələdiyyələrinin yanında olduğunu yazan “Yeni Şafak” bildirir ki, sözügedən bələdiyyələrin bir növ Daxili İşlər Nazirliyinin nəzarəti altına keçməsi ABŞ-ı narahat edib və səfir burada “baş verənlərdən əndişə duyuruq” ifadəsini məhz sözügedən durumu nəzərə alaraq işlədib.
Xəbərə görə, səfir Con Bass Artvində üç qəsəbədə yerli sakinlərlə görüşüb və maraqlıdır ki, bu görüşlərdə əsas mövzu bölgədəki Hidroelektrik Stansiya olub. Həmin stansiya ilə bağlı dəfələrlə etiraz aksiyalarının keçirilməsi və bu mövzunun günlərlə sosial medianın gündəmindən düşməməsi isə Stansiyanın bu bölgənin çox həssas nöqtəsi olduğundan xəbər verir.
Bütün deyilənlərdən sonra isə gerçəkdən ortaya maraqlı sual çıxır: Con Bass Artvinə niyə gedib?
Baki-xeber.com