Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Baki-xeber.com xəbər verir ki, 15 iyul hadisələrindən sonra ilk dəfə Türkiyəyə səfər edən Y. Stoltenberq bu cəhdi qınayıb və Türkiyəyə çoxsaylı ölümlərlə əlaqədar başsağlığı verib. O, çevriliş zamanı türk xalqının göstərdiyi cəsarətə sayğısını ifadə edib: “Üzv ölkələrimizin hər hansı birində demokratiyanı hədəf alan hər cür hücum ittifaqımızın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”.
Baş katib “CNN Türk” telekanalına açıqlamasında Türkiyənin NATO-ya, NATO-nun isə Türkiyəyə ehtiyacı olduğunu bildirib. O, çevriliş cəhdindən sonra da Türkiyənin NATO qarşısındakı öhdəliklərini yerinə yetirməyə davam etdiyini söyləyib. Y.Stoltenberq Türkiyənin İŞİD-ə qarşı mübarizəsindən və Türkiyə ilə Rusiya arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.
Türkiyənin Suriyada İŞİD-ə qarşı başlatdığı “Fərat Qalxanı” əməliyyatı haqqında danışan baş katib daha sonra bildirib: "Türkiyə Suriya və İraqdakı hadisələrdən ən çox təsirlənən ölkədir və özünü qorumaq haqqı da var. İŞİD-ə qarşı mübarizədə irəliləyişlər var, biz bundan məmnunuq, təşkilatın tam məhv edilməsi bir az zaman alacaq".
Suriyada Türkiyənin təklif etdiyi uçuşa yasaq bölgə məsələsinə gəlincə Stoltenberq “Biz Türkiyəyə dəstək veririk, amma Suriyaya girmirik. Mənim əməliyyatın detalları barədə danışmağım doğru olmaz” – deyə bildirb.
Baki-xeber.com