Artıq xəbər verildiyi kimi, Ermənistanın baş naziri Ovik Abramyan sentyabrın 8-i keçirilən Nazirlər Kabinetinin müşavirəsində özünün istefa qərarını açıqlayıb.
Baki-xeber.com-un news.am saytına istinadən xəbərinə görə, istefasının səbəblərinə toxunmayan artıq eks-baş nazir deyib ki, 25 illik müstəqilliyini qoruyan respublikada problemlər hələ də qalmaqdadır və bu problemlərin çözümü üçün yeni kabinetə şans vermək lazımdır.
Təbii, bu yalnız görüntüdür və əsl səbəb daha dərindədir. Bəlli məsələdir ki, aprel döyüşlərindən bəri Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsində nüfuzu kəskin enib. Vaxtaşırı paytaxt İrəvanda aksiyaların keçirilməsi və bu aksiyaların əsas tələbini prezidentin istefasının təşkil etməsi dediklərimizə əyani sübutdur. Üstəlik, İrəvanın Erebunu rayonunda müxalif “Sasna-tsrer” qruplaşmasının post patrul xidmətinin binasını tutması, bu zaman ölüm hadisəsinin baş verməsi, yüksək çinli məmurların qruplaşma tərəfindən həftələrlə girov saxlanması və ölkə rəhbərliyinin paytaxtın mərkəzində baş verənlərə çözüm tapmaqda aciz qalması bu reytinqi yerlə bir edən əsas amillərdən sayılmalıdır. Bu kontestdə istisna deyil ki, baş nazirin istefası məhz emosiyaların yatırılmasına və ölkədə getdikcə yaxınlaşan sosial partlayışın önlənməsinə hesablanıb.
Dediklərimizi siyasi texnoloq Karen Köçəryanın sözügedən erməni saytına açıqlamasında fikirləri də təsdiqləyir. O deyib ki, baş nazirin istefasının iki səbəbi var: ölkənin iqtisadi cəhətdən çöküşü və “Sasna-tsrer”. Ermənistanın iqtisadi çöküşü yeni mövzu deyil və Qarabağ məsələsi ədalətli həllini tapmadıqca bu ölkənin blokada şəraitindən çıxması, beləliklə də beynəlxalq əhəmiyyətli layihələrə qoşulması mümkün deyil ki, Ermənistan rəhbərliyi bunu gözəl anlasa da, hələ ki, torpaqlarımızın qaytarılmasından imtiina edir.
“Sasna-tsrer” olayına gəldikdə isə, bu olayın ölkə rəhbərliyinin reytınqinə hansı minuslar gətirdiyi ortadadır. Elə erməni siyası texnoloqu da bunları nəzərə alaraq deyib ki, adətən belə hallarda yuxarılar öz mövqelərini qorumaq üçün ətraflarında “günah keçisi” axtarırlar ki, indiki halda bu, Ovik Abramyandır.
Bu “keçi”nin tək olub-olmayacağını isə hadisələrin gedişində görəcəyik...
Samirə SƏFƏROVA