Hazırda Bakıda keçirilən və Avropa Olimpiya Komitəsi tərəfindən təşkil edilmiş I Avropa Oyunları sayəsində Avropanın Amerika və Asiyanın artıq malik olduğu kimi qitə oyunları olacaq. Bu, özündə dözümlülük, hörmət və düzgün oyun prinsiplərini daşıyan idman bayramına, universal dəyərlərin festivalına çevriləcək. Trend-in məlumatına görə, bu barədə Avropa Parlamentinin deputatı, Parisin VII rayonunun meri Raşida Datinin Fransanın "L'Opinion” qəzetində I Avropa Oyunlarına həsr edilmiş məqaləsində deyilir.
Fransız siyasətçinin məqaləsində qeyd edilir: "Azərbaycanın I Avropa Oyunlarını keçirmək hüququnu əldə etməsi qızğın müzakirə olunur. Hazırda Avropada Qafqazın bu kiçik ölkəsinə qara yaxılır. Ola bilsin ki, Azərbaycanda hər şey ideal deyil, lakin ideal olan heç bir şey yoxdur. Bu, bizə haqq qazandırmamalıdır. Əbəs yerə onu "Qafqazın mirvarisi" adlandırmırlar”.
Məqalədə bildirilir: "Vəzifəmiz Aİ, onun üzvləri və xüsusilə də Fransa ilə əlaqələrin dərinləşməsini davam etdirmək istəyən ölkənin uzatdığı əli geri çevirmək deyil. Aİ, eləcə də Fransa "Şərq tərəfdaşlığı” çərçivəsində Azərbaycanla dialoqu davam etdirir. Prezident Ollandın bu yaxınlarda Bakıya səfər etməsi bunun bariz nümunəsidir. Və bu dialoqa "real-siyasət”lə hədd qoyulmamalıdır. Azərbaycanda həyata keçirilən islahat və səylərə kömək etmək lazımdır”.
R.Datinin sözlərinə görə, coğrafi cəhətdən İran və Rusiya arasında, həmçinin Ukraynanın yaxınlığında yerləşən Azərbaycan sabitlik nümayiş etdirir ki, bu da qiymətləndirilməyə layiqdir: "Bakı Dağlıq Qarabağ regionuna görə uzun müddətdir, Yerevanla münaqişə vəziyyətindədir. Bununla belə, ölkənin sabitliyinə yalnız təəccüb etmək olar”.
O qeyd edib ki. Azərbaycanın sabitliyinin əsas səbəblərindən biri burada mövcud olan mötədil islamdır: "Azərbaycanlıların 96 faizi müsəlmandır. Azərbaycan xalqı özünün müsəlman irsi ilə fəxr edir və Azərbaycanda radikal islam mövcud deyil. 1918-ci ildə qadınlara səsvermə hüququ verilməsi və onların cəmiyyətdə başı yuxarı gəzə bilmələri faktı diqqəti cəlb edir. Dinə təzyiq və məcburiyyət olmadan azad formada etiqad edilir”.