Rusiya gələcəkdə Avropa Oyunlarını keçirə bilər. Trend-in məlumatına görə, bunu Bakıda Azarkeşlər evində keçirilən mətbuat konfransında Rusiya Baş nazirinin müavini, RF Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib. O, qeyd edib: "2020-ci ilədək Rusiyada bir çox iri yarışlar keçiriləcək, lakin perspektivdə biz Avropa Oyunlarını keçirə bilərik".
Baş nazirin müavini bildirib ki, bir sıra iri tədbirlərin keçirilməsi sayəsində Rusiyada idman infrastrukturu elə inkişaf edib ki, ölkənin bir sıra şəhərləri belə tədbirləri xüsusi hazırlıq olmadan keçirə bilərlər: "Moskva, Soçi, Sankt-Peterburq və Kazan kimi şəhərlərin idman infrastrukturu var və buna görə də həmin şəhərlərdə xüsusi zəhmət tələb olunmadan iri kompleks yarışlar keçirilə bilər".
Avropa Oyunları ilə Avropa çempionatı birləşdirilsin
Aleksandr Jukov qeyd edib ki, Avropa Oyunları perspektivli yarışdır. O, Bakıda I Avropa Oyunlarının uğurla keçdiyini bildirib: "Bu yarışların sonrakı taleyi ilk Oyunların uğurla keçməsindən asılıdır. Avropa Oyunları azarkeş və mətbuatın diqqətini cəlb etdi, yüksək səviyyədə keçdi. Fikrimcə, bu Oyunların gələcək perspektivi var. Çünki perspektiv yarışların nə qədər yüksək səviyyədə təşkil olunmasından asılıdır”.
A.Jukovun sözlərinə görə, əgər 4 il ərzində Avropa Olimpiya Komitəsi Avropa Oyunları ilə Avropa çempionatını birləşdirməklə bağlı idman federasiyaları ilə razılığa gələ bilsə, onda Oyunlar daha əhəmiyyətli, mürəkkəb yarış ola bilər: "Düşünürəm ki, bu həll oluna bilən problemdir”.
Olimpiada proqramına karate və sambo daxil edilə bilər
A.Jukov bildirib ki, Bakıda I Avropa Oyunları sambonun necə maraqlı idman növü olduğunu göstərdi. I Avropa Oyunlarında təmsil edilən qeyri-olimpiya idman növlərinin olimpiada proqramına daxil edilməsindən danışan A.Jukov artıq karate ilə sambonun belə bir iddiada olduğunu qeyd edib: "Düşünürəm ki, bu il sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qəbul ediləcək. Hamımız sambonun necə maraqlı idman növü olduğunu gördük”.
O, həmçinin I Avropa Oyunları çərçivəsində akrobatika yarışlarını çox bəyəndiyini bildirib: "Bu idman növü çox gözəl, perspektivli və baxımlıdır”.
Rusiya ermənilərin hakimliklə bağlı iddiaları ilə razı deyil
A.Jukov mətbuat konfransı zamanı I Avropa Oyunlarında Ermənistan idmançılarının xüsusilə Rusiya təmsilçiləri ilə görüşlərdə hakimliklə bağlı iddialarını da şərh edib. O, bildirib ki, Bakıda I Avropa Oyunlarında hakimlik çox yüksək səviyyədədir.
O, Oyunlarda hakimlərin nəinki Avropadan, eyni zamanda, bütün dünyadan cəlb olunmasının yaxşı hal olduğunu qeyd edib: "Hakimlik yüksək səviyyədədir. Əlbəttə, hakimlərin səhv etdiyi məqamlar olur. Ancaq məncə, burada hər şey obyektiv qiymətləndirilib”.
I Avropa Oyunları baş tutub
Aleksandr Jukov qeyd edib ki, Bakıda I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub: "Bakıda I Avropa Oyunlarının baş tutduğunu deyə bilərik. Bu, çox maraqlı, böyük və əhəmiyyətli yarışdır”.
A.Jukovun sözlərinə görə, I Avropa Oyunları ərəfəsində bəziləri Oyunların təşkili səviyyəsinə şübhə ilə yanaşırdılar: "Artıq bu gün məlumdur ki, birincisi, Avropa Oyunları çox yaxşı təşkil olunmuş tədbirdir, ikincisi, Oyunlarda Avropanın ən güclü idmançıları iştirak edirlər”.
O, I Avropa Oyunlarının təşkilati işlərinin yüksək səviyyədə olduğunu qeyd edib: "Gözəl idman arenaları, mehriban könüllülər – hər şey yüksək səviyyədə təşkil olunub”.