"Azərbaycan turizm baxımından gözəl yerdir”. Bu barədə Trend-ə I Avropa Oyunlarında Albaniyanı üzgüçülük yarışında təmsil edən Diana Başo deyib. O, Azərbaycanda ilk dəfə olduğunu bildirib: "Azərbaycan gözəl ölkədir və burada hər şey xoşuma gəldi. Öz dostlarıma bura səyahət etməyi tövsiyə edəcəyəm. Hava əladır, gözəl mənzərələr var”.
İdmançı qeyd edib ki, Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə təşkil edib: "Burada idmançılar üçün əla şərait yaradılıb. Heç vaxt belə yarışlarda iştirak etməmişəm. Oyunlar bütün gözləntilərimi üstələdi”.
D.Başo gələcəkdə Bakıda başqa idman yarışlarında da iştirak etmək istədiyini deyib: "Bakı Olimpiya Oyunlarını da keçirə bilər”.
Ukrayna idmançıları Bakıda Avropa Oyunlarının təşkilinə heyran olublar
"I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub”. Bu barədə Oyunlar çərçivəsində qarışıq cütlüklər üzrə badminton yarışlarında çıxış edən Ukrayna idmançıları Gennadi Natarov və Yuliya Kazarinova deyib.
İdmançılar belə hazırlıq səviyyəsindən heyrətləndiklərini deyiblər: "Hər şey yüksək səviyyədədir”.
Badmintonçular Bakını bəyəndiklərini də qeyd ediblər: "Şəhəriniz çox xoşumuza gəldi, paytaxtınız gözəl və müasirdir, özündə Şərq və Qərb elementlərini birləşdirir”.
Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir
"Bakının idman infrastrukturu Olimpiya səviyyəsindədir”. Bu barədə Danimarka komandasının üzvü Kris Desantis deyib. O bildirib ki, Azərbaycanda idman obyektlərinə sərmayələr və hər şeyin Olimpiya səviyyəsində olacağı haqqında çox eşidib: "Və təəssüratlarım eşitdiklərimi təsdiqlədi”.
K.Desantis I Avropa Oyunları çərçivəsində çalışdığı Su İdmanı Sarayının möhtəşəm və Olimpiya səviyyəsində olduğunu xüsusi qeyd edib: "Hovuz möhtəşəmdir, bütün beynəlxalq standartlara cavab verir. Burada məşq etmək üzgüçülər üçün əla təcrübədir”.
O bildirib ki, gələcəkdə Bakıdakı başqa yarışlarda da iştirak etmək istərdi.
Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib
"Birinci Avropa Oyunları mənim üçün böyük əhəmiyyət kəsb edir və bu tarixi hadisənin iştirakçısı olduğum üçün çox sevinirəm". Bunu irlandıyalı boksçu Keti Taylor deyib.
O bildirib ki, bu yarışlarda iştirak etmək onun üçün böyük fəxrdir.
İrlandiyalı boksçu Avropa Oyunlarının təşkilatçılıq səviyyəsinin yüksək olduğunu vurğulayıb: "Avropa Oyunları çox yüksək səviyyədə təşkil edilib. Azərbaycanda idmançlar üçün hər cür şərait yaradılıb".
K.Teylor, həmçinin Bakını çox bəyəndiyini diqqətə çatdırıb: "Bakını çox bəyəndim, gözəl şəhərdir, insanlar burada çox mehriban və qonaqpərvərdir".