"Azərbaycan I Avropa Oyunlarına əla hazırlaşıb". Bu barədə Trend-ə Avropa Oyunlarının iştirakçısı, İsveçrəni üzgüçülük yarışlarında təmsil edən Adrian Andermatt deyib.
O bildirib ki, Azərbaycan Olimpiya Oyunlarını da keçirə bilər: "Azərbaycanda idman infrastrukturu kifayət qədər yaxşı inkişaf edib və daha böyük idman tədbirlərinin təşkil edilməsi üçün bütün imkanlar var”.
İdmançı, həmçinin qeyd edib ki, Bakıda əla Su İdman Sarayı var.
Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib
"Birinci Avropa Oyunlarının təşkilatçılıq səviyyəsini Olimpiya Oyunları ilə müqayisə etmək olar və mən burada iştirak etdiyimə görə çox sevinirəm". Bunu italyan boksçu Vinçenzo Manqiakapre deyib. O bildirib ki, Azərbaycan hər şeyi yüksək səviyyədə təşkil edib və idmançılar üçün hər cür şərait yaradıb. İtaliyalı boksçu, eyni zamanda, Azərbaycanın müasir idman arenalarının olduğunu diqqətə çatdırıb.
V.Manqiakapre Avropa Oyunlarının idmançılar üçün əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, bu cür yarışlar idmançılara böyük təcrübə əldə etməyə imkan verir.
İtalyan boksçu ölkəmizə artıq ikinci dəfə gəldiyini qeyd edərək Azərbaycanı çox bəyəndiyini diqqətə çatdırıb.
Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır
Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır. Bu barədə Kosovo idmançısı Laurit Muyya deyib.
O, Bakının gözəl şəhər olduğunu bildirib: "Şəhəriniz, insanlarınız çox xoşuma gəlir. Gözəl memarlıq nümunələriniz var. Oxşar mədəniyyətə sahibik. Özümü vətənimdəki kimi hiss edirəm. Bundan başqa, atletlər üçün əla şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olunub”.
Yenidən Bakıya gəlmək arzusu
Azərbaycanda idman çox populyardır və bu, çox gözəldir. Bunu xorvatiyalı üzgüçü Kristian Komlenik deyib. Onun sözlərinə görə, Bakı olduqca gözəl şəhərdir və insanlar çox mehribandırlar: "Ümid edirəm ki, gələcəkdə Bakıda Olimpiya Oyunları keçiriləcək və mən yenidən bura gələcəyəm.
İdmançı qeyd edib ki, Azərbaycanda Oyunların iştirakçıları - idmançılar üçün hər cür şərait yaradılıb: "Atletlər kəndi çoz gözəldir. Mətbəx əladır".
Bu, ən yüksək qiymətə layiqdir
İlk Avropa Oyunlarının bürüncü medalçısı, ukraynalı boksçu Aleksandr Xijnyak "Bakı 2015”lə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, ilk dəfə keçirilən Avropa Oyunları yüksək səviyyədə təşkil olunub.
"Boks turnirini dəyərləndirmək lazım gəlsə, demək istəyirəm ki, bu, ən yüksək qiymətə layiqdir. Burada iştirak edən idmançılar kifayət qədər güclüdür. Hərəsinin özünə uyğun potensialı var. Doğrudur, mən qızıl medala iddialı idim. Lakin alınmadı. Bununla belə, əsas odur ki, medal qazandım. İlk Avropa Oyunlarının qalibi olduğum üçün çox məmnunam”, - deyə ukraynalı boksçu bildirib.
Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır
I Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır. Bu barədə Rusiyanın badminton üzrə Avropa çempionları Vladimir İvanov və İvan Sozonov deyib.
Onlar bildirib ki, ümumiyyətlə təşkilat işləri yüksək səviyyədədir: "Bir çox beynəlxalq yarışlarda iştirak etmişik və deyə bilərik ki, I Avropa Oyunları təşkilat səviyyəsinə görə Olimpiya Oyunlarına oxşayır. Hər şey – Atletlər kəndi, yeməklər, nəqliyyat, könüllülər - yüksək səviyyədədir. İşlər tam sürətlə irəli gedir, heç bir problemimiz yoxdur”.