Birinci Avropa Oyunları zamanı ölkəmizə çoxlu əcnəbi qonaq gələcək. Bu isə Azərbaycanın zəngin mədəniyyətinin, adət-ənənələrinin geniş təbliği deməkdir. Əl işləri hazırlayan sənətkarlar da bu işə öz töhfələrini verməyə çalışırlar. Çünki milli suvenirlər həmin ərəfədə ən çox tələbatın yaranacağı məhsullar sırasında olacaq.
AZƏRTAC xəbər verir ki, belə sənətkarlardan biri də ll qrup Qarabağ müharibəsi əlili Fikrət Mehdiyevdir. O, 3 ildir ki, milli suvenir istehsalı ilə məşğuldur. Sənətkar deyir ki, əcnəbi qonaqlar əl işlərinə böyük maraq göstərirlər. Onlar əsasən də tar, kamança və qavalın kiçik ölçülü modelləri ilə daha çox maraqlanırlar.
Sənətkarlar tərəfindən Bakının simvolları olan Qız qalasının, İçərişəhərin, Alov qüllələrinin maketləri, milli çantalar, kəlağayılar, eyni zamanda, birinci Avropa Oyunlarının atributları ilə bağlı suvenirlər hazırlanılır. Bütün bunlar İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sənətkarlığın inkişafı üçün ayırdığı güzəştli kreditlər hesabına başa gəlir.
Azər Əsədov da dövlətin ayırdığı güzəştli kreditlərdən yararlanaraq milli suvenir istehsalını genişləndirib. Əmircan qəsəbəsində yaşayan Əsədovlar ailəsinə məxsus emalatxanada xalq tətbiqi sənətinin bir çox növlərini görmək mümkündür. Ağac və metal üzərində bədii oymalar, milli tikmələr, toxuculuq məmulatları və digər nümunələr üç yaradıcı insanın böyük zəhmətinin məhsuldur. Ailənin başçısı Azər Əsədov xalq tətbiqi sənətinin vurğunudur. O, 30 ildən artıqdır ki, milli suvenirlərin hazırlanması ilə məşğul olur. Usta suvenirləri şam, fıstıq, qoz, cökə ağaclarından düzəldir.
Artıq bir neçə ildir ki, Azərbaycanda suvenir və xatirə əşyalarının istehsalını genişləndirmək üçün xüsusi proqramlar həyata keçirilir. Bu istiqamətdə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun həyata keçirdiyi layihə də qədim əl sənətkarlığının inkişafına təkan verib.
Birinci Avropa Oyunları zamanı Bakının müxtəlif yerlərində satış mərkəzlərinin yaradılması da gözlənilir. Turistlərə təqdim olunan məlumat bazasına həmin yerlərin ünvanları da daxil ediləcək.