"Bakı-2015" ilk Avropa Oyunlarının başlanmasına bir neçə gün qalır. Hər keçən gün yaxınlaşan bu mötəbər oyuna marağı daha da artırır. Dünyada ilk dəfə keçiriləcək bu idman yarışına maraq böyük olduğundan, nüfuzlu media qurumları ilk Avropa Oyunlarının işıqlandırılmasını diqqət mərkəzində saxlayır.
"Bakı-2015" İlk Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media nümayəndəsinin qeydiyyatdan keçməsi də dünya mətbuatının bu idman yarışına böyük maraq göstərdiyini sübut edir. "Bakı-2015"in işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda keçib. Belə ki, bu mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800 beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.
Azərbaycanın bütün sahələrində praqmatik islahatların həyata keçirilməsi, inkişafın strateji prioritetlərinin müasir dövrün tələblərinə müvafiq surətdə müəyyənləşdirilməsi tərəqqinin Azərbaycan modelinin əsasının qoyulmasını şərtləndirib. Bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkədə gənclərin inkişafına həsr olunan dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır.
Bütün bu deyilənlərin fonunda "Bakı-2015" Birinci Avropa Oyunlarının keçirilməsi ölkədə uşaqların, yeniyetmələrin və ümumiyyətlə gənclərin idmana olan marağının artmasında nə kimi rol oynayacaq?
Sözügedən məsələni dəyərləndirən ekspert İlqar Hüseynli hesab edir ki, bunun mütləq təsiri olacaq: "Yarışmanın miqyası, təbliğat o qədər genişdir ki, bu mütləq müsbət mənada öz təsirini göstərəcək. Çünki böyüklərlə yanaşı, uşaqlar da yarışmanı böyük maraqla izləyəcək. Bu da uşaqlar arasında idmana olan marağı daha da artıracaq. Uşaqlar maraqlı olacaqlar ki, idmanın müxtəlif növləri ilə məşğul olsunlar. Çünki istər-istəməz, Birinci Avropa Oyunları onlarda bu marağı artıracaq".