Ölkəmizin Avropa Oyunlarına hazırlıq işləri sürətləndikcə maraqlı nüanslar meydana çıxır. Belə ki, cəmiyyətdə marağın artması ilə yanaşı, pis də olsa, Oyunları qaralamaq cəhdləri də çoxalır. Təbii ki, bu məqamda Azərbaycan xalqı, cəmiyyəti nə etməlidir sualı aktuallığını artırır.
Bu arada maraqlı təkliflər də səsləndirilir.
Daha rasional sayıla biləcək bir təklifə diqqət edək, qəzetimizin baş redaktoru Aydın Quliyev onu son günlərdə ictimai müzakirəyə çıxarıb: "Cəmiyyətimizin Oyunlara daha böyük dəstəyinə nail olmaq üçün potensial rıçaqlar hələ çoxdu, onları üzə çıxarmaq lazımdır. Məsələn, cəmiyyət, insanlar özü təşəbbüs qaydasında belə bir kampaniya başlaya bilər: "Hərəmiz Azərbaycanı, azı, bir əcnəbiyə sevdirək". Bilirsiniz ki, ölkəyə çoxlu əcnəbi gələcək, idmançı, xidmətçi və tamaşaçı qismində gələn əcnəbilərin çoxu Azərbaycanı ilk dəfə görənlər olacaq. Onlarla ünsiyyətdə olan hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun davranışı, danışığı, adi nəzakəti, reaksiyaları ölkəni həmin əcnəbiyə müsbət yöndən tanıtmaqda böyük təsirə malikdir. Təsəvvür edin ki, hər bir Azərbaycan vətəndaşı azı bir əcnəbi qonağa ölkənin bu gününü, tarixini, mənəvi dəyərlərini, adət-ənənəsini hansısa formada tanıtmağı, sevdirməyi öz qarşısına məqsəd qoysa, ümummilli miqyaslı böyük nəticələr əldə edə bilərik. Əcnəbi qonaqlarla Bakıda, ya başqa yerlərdə, yəqin ki, təsadüfi təmaslar, tanışlıqlar olacaq. Hətta xarici dil bilməyən azərbaycanlı belə həmin qonağa ölkəni yaxşı tanıtmaq imkanına malikdir. Onlarla adi bir şəkil çəkdirmək istəyini bildirə bilər və sair. İndi hamının mobil telefonunda belə imkanlar var.
Ya əcnəbi qonağa Bakının hansısa görməli-gəzməli yerinin ünvanını bir neçə dəqiqəlik zəhmət çəkib nəzakətlə izah edə bilər, zəif də olsa dil bilirsə, həmin xaricidən ölkəmiz haqqında təəssüratını soruşa bilər və sair. Görürsünüz, üsullar çoxdur".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov "Bakı-Xəbər"ə bildirdi ki, irəli sürülən bu təşəbbüs olduqca kreativdir: "Bir növ vətəndaş diplomatiyası anlamına gəlir. Dövlətimizin bu Oyunlara hazırlıqla bağlı necə böyük məsuliyyətlə davrandığı, hər bir incə detala nəzər yetirdiyi gözümüzün qabağındadır. Biz vətandaşlardan isə çox şey tələb edilmir. Xırda təmaslarla, nümunəvi davranışımızla ölkəmizi sevdirək. Bunu etmək o qədər də çətin deyil. Bir kəlmə xoş söz, hətta ölkəyə gələn əcnəbiyə baxanda gülümsəmək belə gözəl təbliğat effekti vermiş olacaq. Sizin mənim fikrimi öyrəndiyiniz təklif çox bəyəniləndi. Vaxta az qalıb. Həmin ideyanın təbliği ilə bağlı KİV-lərdə məlumatlar getməlidir. Yaxşı olar ki, televiziyalarda bu təkliflə bağlı qısa roliklər də hazırlansın".