"Bakı-2015" Birinci Avropa Oyunlarının başlanmasına bir neçə həftə qalıb. Avropa Oyunlarının ölkəmizdə keçirilməsi üçün bütün tədbirlər görülüb və Bakı qonaqları qarşılamağa hazırdır. Bildiyimiz kimi Birinci Avropa Oyunlarına ölkəmizin bütün qurumları, ictimaiyyət nümayəndələri, QHT-lər, media təşkilatları, sənət adamları, yaradıcı qurumlar böyük dəstək verir və belə bir mötəbər idman yarışının Azərbaycanda keçirilməsini müsbət qarşılayır. Azərbaycan Aşıqlar Birliyi (AAB) də Avropa Oyunlarının keçirilməsini yüksək dəyərləndirir və bu Oyunlara dəstəyini əsirgəmir. Azərbaycan Aşıqlar Birliyinin katibi, "Ozan dünyası" jurnalının baş redaktoru Musa Nəbioğlu "Bakı-Xəbər"ə müsahibəsində AAB-ın mövqeyini və göstərəcəyi dəstək barədə danışıb.
- Musa müəllim, sizcə "Bakı-2015" Birinci Avropa Oyunlarının əhəmiyyəti nədədir?
- Bu gün Azərbaycan siyasi, iqtisadi, mədəni, humanitar, idman, səhiyyə, iqtisadi və sair sahələrdə nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olması da respublikamızın artan nüfuzundan xəbər verir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əminamanlığın, ictimai-siyasi sabitliyin, gündən-günə yüksələn iqtisadi qüdrətinin, sosial-iqtisadi inkişafın göstəricisi, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsinin, beynəlxalq birlikdəki yerini möhkəmləndirərək söz sahibinə çevrilməsinin dünya miqyasında qəbul edilməsinin təsdiqidir, reallıqdır. Bu həm də Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq idman yarışlarında, olimpiadalarda idmançılarımızın əldə etdiyi böyük uğurun məntiqi nəticəsidir. Və inanıram ki, Azərbaycan idmançıları ölkəmizi bu mötəbər yarışda layiqincə təmsil edəcək.
- Bütün yaradıcı qurumlar, sənət adamları, elm xadimləri, digər sferalardan olan şəxslər bu Oyunlara ciddi dəstək verir. Aşıqlar Birliyi necə, bu sahədə işlər görürmü? Ümumiyyətlə, aşıqların bu hərəkatda iştirakı hansı formada olacaq?
- Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi olduqca əlamətdar hadisədir və bu möhtəşəm tədbirin dövlətimizin, xalqımızn adına layiq keçirilməsi üçün nəinki ayrı-ayrı təşkilatlar, bütövlükdə hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir. Bu gün dünyanın gözü Azərbaycandadır və yarışların başlanmasına qalan müddət azaldıqca bu maraq daha da artır, ölkəmizə turist axını çoxalır. Bu isə həm də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dəqiq, daha düzgün çatdırılması, mədəniyyətimizin, incəsənətimizin təbliği üçün geniş imkanlar deməkdir. Xalq şairi Zəlimxan Yaqubun rəhbərliyi ilə Azərbaycan Aşıqlar Birliyi də bu böyük idman bayramı ərəfəsində xüsusi tədbirlər proqramı hazırlayıb. Çalışacağıq ki, ölkəmizə gələn xarici ölkə idmançıları, turistlər 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmuş aşıq sənəti haqqında daha çox bilgi əldə edə bilsinlər. May ayının 26-da R.Behbudov adına Dövlət Mahnı Teatrında gənc aşıqların iştirakı ilə "Gəncliyin səsi" adlı möhtəşəm konsertimiz olacaq. Olimpiya Oyunlarının keçirildiyi günlərdə - iyun ayının 25-də isə Heydər Əliyev Sarayında tanınmış ustad aşıqların iştirakı ilə "Yaxşı ki, sən varsan, ay sədəfli saz!" adlı daha bir konsert keçirməyi nəzərdə tuturuq. Bir sıra digər tədbirlərimiz də olacaq.
- Biz Avropa Oyunlarının ənənəvi simvolu olan məşəli ölkəmiz boyu gəzdirən heyətin tərkibində aşıqları da gördük... Onlar bu işə fərdi qaydada qoşulub, yoxsa Aşıqlar Birliyinin təşəbbüsü ilə?
- Ümumiyyətlə, istər paytaxtımız Bakıda, istərsə də rayonlarımızda indiyədək keçirilən elə bir mühüm mədəni-kütləvi tədbir, el şənliyi olmayıb ki, aşıqlarımız orada fəallıqları ilə seçilməsin. Birinci Avropa Oyunları isə respublikamızın tarixinə qızıl hərflərlə yazılacaq elə bir möhtəşəm tədbirdir ki, burada hər kəs əlindən gələni etməlidir. Aşıqlar da hər şeydən əvvəl Azərbaycan vətəndaşıdır və ölkəmizin hər uğurundan böyük qürur hissi duyur, sözün əsl mənasında, el bayramına çevrilən bu tədbirlərdə yaxından iştirak edərək Vətənimizin tərənnümünə, mədəniyyətimizin, bütövlükdə uğurlarımızın təbliğinə öz töhfələrini vermək istəyirlər. Təbii ki, Birliyimizin bu istiqamətdə öz planları var. Amma içdən gələn istəklə, öz təşəbbüsləri ilə rayonlarımızda keçirilən tədbirlərə qoşulan aşıqlarımız da az deyil.
- Avropa Oyunları ilə bağlı bəzi Qərb ölkələrində qarayaxma kampaniyası başlayıb, buna münasibətiniz?
- Dediyiniz bəzi Qərb ölkələrində Azərbaycana qarşı qarayaxma kampaniyasının aparılması birinci dəfə deyil. Fikir verirsinizsə, hər dəfə Azərbaycan daha böyük bir beynəlxalq tədbirə ev sahibliyi edəndə bu şər qüvvələr daha da fəallaşır. İnsan haqları, nə bilim daha nələr yada düşür. Mən bilmirəm, insan üçün öz doğma ocağından zorla çıxarılmasından, dədə-baba yurdundan qovularaq didərgin düşməsindən də böyük faciə, hüquq pozulması varmı? Və bu "insan haqlarından" ağzı köpüklənə-köpüklənə danışanlar niyə bizim doğma ev-eşiyinə həsrət qalan bir milyondan çox vətəndaşımızın öz doğma yurdunda yaşamaq hüququndan bircə dəfə də danışmırlar? Mən təəssüf edirəm ki, Qərbin bəzi dairələrinin bu çirkin kampaniyasına ölkəmizdə də züy tutanlar tapılır.