Məlahət Mürşüdlü: “... bu təlimlərdə öyrətmə prosesi yoxdur”
Son illər orta ümumtəhsil məktəblərinin ibtidai siniflərində böyük və kiçik summativlərin keçirilməsi ənənəyə çevrilmişdi. Azyaşlı şagirdlərə böyük həyəcan və stress yaşadan summativlərin keçirilməsinin, əslində, hansı məqsədlərə xidmət etdiyi aydın deyildi. Çünki şagird ilboyu əla oxusa da, onun yarımillik və illik qiymətləri summativlərdən aldığı qiymətlərə görə hesablanırdı. Bu da sözsüz ki, ciddi problemlər yaradırdı.
Çoxdandır ki, kiçik summativ qiymətləndirmənin (KSQ) və böyük summativ qiymətləndirmənin (BSQ) ləğv edilməsi ilə bağlı söz-söhbət, qeyri-rəsmi məlumatlar dolaşırdı. Hətta təhsil naziri özü də ibtidai siniflərdə summativlərin ləğv ediləcəyini istisna etmirdi. Nəhayət ki, təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrlə Azərbaycanda ümumtəhsil müəssisələrinin I siniflərində KSQ və BSQ ləğv olunub. Qərara əsasən, I sinifdə summativ qiymətləndirmə aparılmayacaq. II-III siniflərdə isə böyük summativ qiymətləndirmə keçirilməyəcək.
Orta məktəblərdə I siniflərdə KSQ-nin, II-III siniflərdə isə BSQ-nin rəsmi qaydada ləğv edilməsi hansı nəticələr verəcək?
Tanınmış təhsil eksperti Məlahət Mürşüdlü “Bakı-Xəbər”ə bildirdi ki, adıçəkilən siniflərdə KSQ və BSQ-lərin ləğv edilməsi yüksək dəyərləndirilməlidir. “KSQ və BSQ-lərin ləğv edilməsini çox yüksək dəyərləndirirəm. Geçikmiş olsa da, nəhayət ki, bu addım atıldı. Mən və digər mütəxəssislər ibtidai siniflərdə bu cür qiymətləndirmənin aparılmasını düzgün hesab etmirdik. Dəfələrlə bununla əlaqədar fikrimizi bildirmişik. Kurikulum proqramı ilə ibtidai siniflərdə həyata keçirilən bu təlim uşaqların təhsil səviyyəsinin yüksəlməsinə, onların bilikləri mənimsəməsinə motivasiya vermirdi, bunun müsbət nəticələri yox idi. Bu baxımdan, hesab edirəm ki, I siniflərdə KSQ-nin, II-III siniflərdə isə BSQ-nin ləğv edilməsi bu istiqamətdə atılan müsbət addımdır. Əslində, KSQ və BSQ-lərin ləğv ediləcəyi gözlənilən idi”. M.Mürşüdlü qeyd etdi ki, bu təlimlərdə öyrətmə prosesi yoxdur. Bu təlimin “məqsəd nədir” tendensiyasını yaratdığını deyən M.Mürşüdlünün sözlərinə görə, onun müsbət nəticə verməməsi göz önündədir.
İradə SARIYEVA