Bakı Nəqliyyat Agentliyi: “Sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə…”
İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi tam avtomatlaşdırılmış, qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradıb.
Agentlik Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı xüsusi proqram təminatı olan planşetlər vasitəsilə dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlər görülməsini həyata keçirəcək.
Sistemin əsas komponenti olan foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir.
Bakı Nəqliyyat Agentliyindən qanunsuz parklanmaya nəzarət edən intellektual nəzarət sistemi barədə verilən məlumata görə, sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir: “Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair videoqeydiyyatın aparılması ilə bağlıdır. Mübahisə yaranacağı təqdirdə, qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir. Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.
Yeni sistemi nəzərə alaraq sürücülər parklanma zamanı daha diqqətli olmalı, nəqliyyat vasitələrini qanunsuz yerlərdə park etməməli, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcə diqqətli olmalıdırlar”.
Günel CƏLİLOVA