Aynur Camal: “1005 qaçqın və məcburi köçkün ailəsi bayramı firavanlıq içində yeni mənzillərində keçirəcəklər”
Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətdə cəmiyyətimizdə ən həssas təbəqə sayılan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ön sırada dayanır. Məlum olduğu kimi, indiyə qədər bu qəbildən olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra işlər görülüb.
İndiyə qədər 300 mindən artıq məcburi köçkün və qaçqın ailəsi respublikamızın paytaxtı da daxil olmaqla, müxtəlif yerlərində mənzillə təmin olunublar. Bir neçə gün əvvəl Abşeron rayonunda qaçqın və məcburi köçkünlər üçün inşa edilən bina onların ixtiyarına verildikdən sonra dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin də açılışı olub. Kompleksin açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak edib. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu yeni yaşayış kompleksində 1005 qaçqın və məcburi köçkün ailəsi yaşayacaq. Ərazisi 4 hektar olan kompleksdə, ümumilikdə, 12 bina var və burada məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa olunub.
“Gündəlik Teleqraf” MMC-nin direktoru, sabiq millət vəkili Aynur Camal “Bakı-Xəbər”ə bildirdi ki, qaçqın və məcburi köçkünlər üçün inşa edilən hər bir yaşayış kompleksi onların sosial rifahının yüksəldilməsinə xidmət edir. A.Camal hesab edir ki, onların yüksək şəraitli mənzillərlə təmin olunması o insanların dövlət başçısının qayğısı ilə əhatə olunduğunu bir daha təsdiqləyir. “Bu, Prezident İlham Əliyevin 15 il əvvəl prezident seçkilərinin qalibi olaraq hakimiyyətə gələrkən qaçqın və məcburi köçkünlərə verdiyi vədin reallaşmasıdır. Biz hər il bu vədin necə həyata keçirildiyinin şahidi oluruq. Cənab Prezident prezidentliyinin ilk dönəmində bildirirdi ki, Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Artıq ölkəmizdə çadır şəhərciyi yoxdur. Azərbaycanda qaçqın və məcburi köçkünlər üçün digər qruplardan olan insanların yaşadıqları mənzil şəraitindən qat-qat üstün olan mənzillər, binalar, komplekslər inşa olunaraq onların istifadəsinə verilir. Bu bir dövlət proqramıdır. Dövlət bunu öz vətəndaşları üçün təmənnasız edir. Bu mənzillər təmənnasız olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilən vətəndaşlara verilir. Bu onu göstərir ki, Prezident İlham Əliyevin apardığı siyasət insanpərvər siyasətdir. Yəni bu, sadəcə, sözdən ibarət deyil, real işin göstəricisidir. Azərbaycan insanının həyatını daha da rahatlaşdırmaq, məişət qayğılarından azad olaraq firavanlıq içində yaşamaları Prezidentin apardığı daxili siyasətin əsas hədəflərindəndir. Yəni onun apardığı siyasətin prioritetində Azərbaycan insanı, Azərbaycan vətəndaşı dayanır. Düşünürəm ki, Sumqayıtda açılışı olan və 1005 qaçqın və məcburi köçkün ailəsinin istifadəsinə verilən bu möhtəşəm kompleks onların həyatında mühüm rol oynayır. Çünki qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. 1005 qaçqın və məcburi köçkün ailəsi bayramı firavanlıq içində yeni mənzillərində keçirəcəklər. Bu mənzillər qaçqın və məcburi köçkünlərə bayram günlərində Prezident İlham Əliyevin böyük hədiyyəsidir” - deyə A.Camal bildirdi.
İradə SARIYEVA