Aygün Əmralı: “Belə bir çempionatın Bakıda keçirilməsi müsbət haldır”
Paytaxtımız ən müxtəlif tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir. Zaman-zaman yeni dəblərlə, moda ilə ayaqlaşan Bakıda həm gözəllik yarışları keçirilir, həm moda müsabiqələri düzənlənir. Gələn ilin fevralında isə paytaxtımız qapılarını toy saç düzümü və makiyaj üzrə dünya çempionatına açacaq.
Məlumatlara görə, Bakıda “World Beauty Congress”in (WBC) təşkilatçılığı ilə toy saç düzümü və makiyajı üzrə dünya çempionatı keçiriləcək. Qeyd edək ki, sözügedən dünya çempionatı əvvəlki illərdə Dubay və Vodisedə keçirilib.
WBC-in qaydalarına uyğun olaraq, əgər hər hansı ölkədə təşkilatın rəsmi nümayəndəsi yoxdursa, WBC-in beynəlxalq dərəcəli hakimləri: Geniya Rozen (Rusiya), Qyozo Krizsan (Macarıstan), Fatimə Əkbər (Azərbaycan) və digərləri bu ölkələrdə nümayəndə qismində sərgilərdən və ya sosial şəbəkələrdən tanınmış şəxsləri seçirlər.
Tanınmış kosmetoloq və vizajist Aygün Əmralı “Bakı-Xəbər”ə bildirdi ki, bu çempionatın Bakıda keçirilməsi təsadüfi deyil. O hesab edir ki, dünya dəb aləmində artıq öz izi, dəsti-xətti olan şəhərimizin sənətkarları gəlin saç düzümləri və makiyaji sahəsində də öz sözlərini deyə biliblər. Bu çempionatda dünyanın məşhur vizaj sənətkarlarının iştirak etməsi də təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. “Hazırda şəhərimiz dünyanın diqqət mərkəzindədir. Burada keçirilən hər bir yarış dünyaya səs salır. Bu gün Azərbaycanda çox güclü saç ustaları, vizajistlər var və onların əl işləri nəinki ölkəmizdə, hətta dünyanın iri dəb mərkəzlərində qəbul edilir. Deyərdim ki, bu gün Azərbaycanın saç və makiyaj ustaları gəlin bəzəmək üçün xarici ölkələrə dəvət edilirlər. Bundan başqa, ölkəmizdə toy edən əcnəbilər gəlin bəzədilməsi üçün bizim ustaların xidmətindən yararlanırlar. Gəlin saç düzümü və makiyaj üzrə çempionatın Bakıda keçirilməsi müsbət haldır. Hesab edirəm ki, bu bizim sənətkarların xarici sənətkarlarla rəqabət aparmasına şərait yaradacaq. Bizdə bu gün saç və makiyaj üzrə elə ustalar var ki, onlar xaricdə yüksək təhsil alıblar” - deyə A.Əmralı bildirdi.
İRADƏ