Rəşid Behbudov adına Mahnı Teatrında Milli Qəhrəman Riad Əhmədovun adını daşıyan 203 saylı orta məktəbin 80 illik yubileyi qeyd edilib. Yubiley tədbirini məktəbin direktoru Nailə Əhmədova açaraq iştirakçıları salamlayıb.
Direktor 1938-ci ildən bu günə qədər təhsil ocağının keçdiyi yoldan danışıb. Müasir dövrdə təhsilin inkişafından söz açan N.Əhmədova bildirib ki, ümummilli lider Heydər Əliyevin misilsiz qayğısı sayəsində əldə edilən uğurların Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkə təhsilinə olan diqqət və himayədarlıqları bu sahəyə misilsiz yeniliklər gətirib.
Tədbirin fəxri qonaqlarından Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Səbail rayon Azad Həmkarlar Təşkilatının sədri Mükafat Abbasov, Səbail rayonu 8-ci Polis bölməsinin əməkdaşı, polis mayoru Pərvanə Səfərova, habelə Səbail rayonunun məktəb direktorları çıxış edərək kollektivi bu önəmli gün münasibətilə təbrik ediblər.
Sonra xüsusi hazırlanmış yubiley proqramı təqdim olunub. Proqram retrospektiv şəkildə başlanıb. 11-ci sinif şagirdləri Nərmin Ağazadə və Həmilə Xəlilovanın təqdim etdikləri 203 nömrəli məktəbin keçmiş və bugünkü şagirdinin polemikası böyük maraq doğurub.
Tədbirdə ilk dəfə olaraq məktəbin sözləri dil-ədəbiyyat müəllimi Elmira Asanovaya, musiqisi isə valideyn Alim Mirzəyevə məxsus himni səslənib. Tədbir muğam ustası, xanəndə Nuriyyə Hüseynovanın ifasında Qarabağ şikəstəsi ilə başa çatıb.