Dekabrın 22-də Nəsimi rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə tədbir keçirilib.
Nəsimi rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, İcra hakimiyyəti və Nəsimi rayon Ağbirçəklər Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri, o cümlədən Qarabağ müharibəsi veteranları və şəhid anaları iştirak edib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva müstəqil Azərbaycan dövlətinin qurulmasında və dünya azərbaycanlılarının milli məfkurə ətrafında birləşməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər Azərbaycanın böyük inkişaf yolu keçdiyini, xalqımızın öz maddi və mənəvi dəyərlərinin sahibinə çevrildiyini bildirib.
Nəsimi rayonu Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva qeyd edib ki, Heydər Əliyev 27 il əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününü təsis etməklə dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızı milli azərbaycançılıq ideologiyası ətrafında birləşdirib. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi isə soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmaların mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Qurultaydan sonra ümummilli liderin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib.
Şəhid anası Lətifə Novruzova son illər respublikamızın uğurlarından, xüsusilə cəbhə bölgəsində keçirilən önəmli əməliyyatlardan danışaraq, Cocuq Mərcanlıda, LələTəpədə əzəmətlə dalğalanan bayrağımızın tezliklə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Şuşada, Xankəndidə dalğalacağına əminliyini bildirib. Lətifə Novruzova şəhid anaları adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edərək, şəhid analarının cənab İlham Əliyevə sonsuz inam və məhəbbətini ifadə edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Elmira Axundova, Milli Məclisin şöbə müdiri Adilə Abbasova, Fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova və digər çıxış edənlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününün azərbaycanlıların milli birliyinin formalaşmasının başlanğıcı olduğunu bildirib.
Tədbir çərçivəsində Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov doğum günü münasibətilə təbrik edilərək ona hədiyyə təqdim olunub.
Baki-xeber.com