Vətən qarşısında öz müqəddəs övladlıq borcunu yerinə yetirən zaman şəhidlik şərbətini içən Fuad Xansuvar oğlu Qafarov 18 yaşında aramızdan getdi. Qısa ömür yolunda elə bir hünər göstərdi ki, heç vaxt adı dillərdən, nuru qəlblərdən düşməz. Gəldi-gedər dünyamızda günlər ötdükcə, zaman keçdikcə onun torpağına, millətinə sədaqətin, məhəbbətin böyüklüyü daha aydın hiss olunur.
1975-ci ildə dağlar diyarı Lerik rayonunun dilbər guşəsi olan Cəngəmiran kəndində dünyaya göz açan Fuad 8-ci sinfi bitirdikdən sonra rayon texniki peşə məktəbində traktorçu-maşinist ixtisasına yiyələnir. Özünü dərk edəndən ülvi məqsədlərə can atması, xeyirxah, nəcib əməlləri ona hörmət gətirir. Ən əsası, yüksək ünsiyyət mədəniyyəti, həssas duyğulu ürəyi, geniş dünyagörüşü bu gəncin əsl xalq, millət oğlu olduğunu bildirir. Doğulub boya-başa çatdığı el-obasının, əhatə olunduğu cəmiyyətin sevgisini qazanan Fuad Qarabağı düşməndən azad etmək məqsədilə 1993-cu ildə hərbi xidmətə yola düşür. Qısa təlim kursu keçib tank əleyhinə qumbara atıcısı kimi cəbhə bölgəsində mənfur düşmənə qarşı döyüş əməliyyatına başlayır.
Fuad olduğu bütün döyüşlərdə vətənin şərəfini qorumaq naminə xüsusi igidlik göstərir. Komandirlərdən aldığı əmr və tapşırıqları vaxtında, dəqiq yerinə yetirir. Əsgər yoldaşlarına insanlığın zinəti sayılan saf, ülvi dəyərlərlə yanaşı, ürəyi düşmənə nifrətlə vurur. Fuad həmişə öndə gedir, o, olan yerdə qorxu hissi unudulur, əsgərlərdə düşmənə qalib gəlmək əzmi yaranır. Hər əməliyyatdan uğurla geri qayıdanda vətən sevgisinə tapınan nəcib həyat amalı sanki qələbəyə gedən yolda məşələ dönür.
Təəssüf ki, Ana torpağın mərd oğlu qəlbən arzuladığı qələbə gününə qədər döyüşə bilmir. 30 dekabr 1993-cü ildə Beyləqan rayonunun Qaraqumtəpənin azad edilməsi uğrunda düşmənlə qeyri-bərabər döyüşə girir. Qorxmaz, cəsur Azərbaycan əsgərini erməni dığalarının çoxluğu qorxutmur. Vurduğu sərrast zərbə düşmənin iki zirehli tankını ekipajla birlikdə məhv edir. Özü də düşmənin snayperinə tuş gələrək həyatını canından artıq sevdiyi vətənə qurban verir. Müqəddəslikdən doğan, ürəklərə vətən sevgisi gətirən işığa sarı gedən bir yol bu qısa ömür salnaməsinin təməli oldu. Odur ki, ən azı eşqə sədaqətli, doğma müstəqil Azərbaycanımıza məhəbbətli olmaq üçün Fuad daim xatırlanacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü