Aynur Musayeva: “Uşaqlar çoxçeşidli informasiya qəbulundan zərər görürlər, bu səbəbdən də belə bir qanunun imzalanması təqdirəlayiqdir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunu imzalayıb. Dövlət başçısı, həmçinin, sözügedən qanunun tətbiqi barədə fərman imzalayıb.
Fərmanda bildirilir ki, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycan qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir.
Qeyd edək ki, qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq onların zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 4-cü maddəsində uşaqlar üçün zərərli olan informasiyaların növləri öz əksini tapıb. Bunlar zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qeyri-məişət leksik (jarqon), qorxu, erotik məzmunlu informasiyalardır. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Bu qanunun icrasına ictimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti institutları tərəfindən təşkil olunur və həyata keçirilir. Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Məlumat üçün bildirək ki, 19 maddə və 5 fəsildən ibarət olan qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
“Jaləm” Uşaq İnkişaf Mərkəzinin direktoru, psixoloq Aynur Musayeva bizimlə söhbətində qeyd etdi ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun qəbulu əhəmiyyətlidir: “Uşaqların nə izlədiyi, hansı informasiya əhatəsində böyüdüyü, nəyə qulaq asdığı, nəyə baxdığı olduqca mühümdür, bu, bir növ, genefond məsələsidir. Çünki informasiya uşaqlar üçün xeyirdən çox zərərdir. Nəzərə almaq lazımdır ki, dövrün uşaqlarının yaşına görə informasiya qəbulu miqdarı həddindən artıqdır, beyin çox yüklənir. İkincisi, informasiyanın çeşidi boldur, uşaqlar çoxçeşidli informasiya qəbulundan zərər görürlər, beyin və düşüncə haçalanır, analiz qabiliyyəti hissələrə bölünür. Bəllidir ki, əksər valideyn uşağı üçün azad internet imkanı yaradıb, hər uşağın əlində bir smartfon, istədiyi informasiyanı əldə edə bilir. Qətl, zorakılıq, oğurluq, dələduzluq - nə desən oxuya, izləyə bilir. Bəzən valideynlər iddia edirlər ki, uşağına güvənir və zərərli informasiyaları oxumayacağını bilirlər. Səhv düşüncədir. Bizim övladımız nəyin səhv, nəyin düz olduğunu bilsəydi, böyük olardı, uşaq yox. Onlar informasiya terroruna məruz qalır, valideynləri isə bunu normal qarşılayırlar. Xüsusilə efirdəki cinayət proqramları uşaqlar üçün təhlükəlidir”.
Həmsöhbətimiz onu da vurğuladı ki, uşaqların psixoloji sağlamlığının qorunması çox önəmli vəzifədir. Və bu sağlamlığı qorumaq üçün cəmiyyət olaraq əlimizdən gələni etməliyik. Bu vəzifələrin həyata keçirilməsi üçün təkcə qanun və qanundan irəli gələn tələblər yox, həmçinin, vətəndaş nəzarəti, xüsusilə də valideynlərin bu məsələdə maarifləndirilməsinə böyük ehtiyac var.
Günel CƏLİLOVA