Seyid Camal Əzimbəyli: “İmam və digər din xadimlərinə dövlət tərəfindən məvacibin verilməsi onların sosial durumuna müsbət təsir edəcək”
"Növbəti ildən din xadimlərinə məvaciblərin ayrılması nəzərdə tutulur”. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov media nümayəndələrinə açıqlamasında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Milli-Mənəvi Dəyərlərin Qorunması üzrə Fond artıq təsis edilib: “Bu proses fond tərəfindən həyata keçiriləcək. Burada Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən rəsmi təyin olunmuş din xadimlərinə əməkhaqqı ayrılmasından söhbət gedir. QMİ tərəfindən təyin olunmuş şəxslərin siyahısı Dövlət Komitəsinə təqdim olunduqdan sonra fond vasitəsilə din xadimlərinə məvacib veriləcək. Məvacibin miqdarı isə din xadiminin tutduğu vəzifədən asılı olacaq. Bunun üzərində hazırda iş gedir”.
Din xadimlərinə məvacib hansı meyarlar əsasında verilməlidir? Bu sualla ekspertə müraciət etdik.
Şərqşünas Seyid Camal Əzimbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, din xadimlərinə aylıq məvacibin ayrılması düzgün addım olar: “Təcrübəyə nəzər salsaq görərik ki, digər müsəlmam ölkələrində ruhani idarələri, dini qurumlar birbaşa dövlət tərəfindən himayə olunur və maliyyələşdirilir. Belə olduqda yad təsirlərin qarşısını almaq mümkün olur. Hesab edirəm ki, dövlət tərəfindən molla, imam və digər din xadimlərinə məvacibin verilməsi onların sosial durumuna müsbət təsir edəcək. Bu qərar sayəsində bəzi din xadimlərinin yad təsirlərdən asılılığı aradan götürüləcək”.
Həmsöhbətimizin fikrincə, din xadimlərinə aylıq məvacibin verilməsi Azərbaycan dövlətinin milli maraqlarına xidmət edən bir addımdır: “Din xadimlərinin dövlət tərəfindən himayə olunması zəruri idi. Biz bu məsələni dəfələrlə gündəmə gətirmişik”.
Günel CƏLİLOVA