Elxan Əliyev: “İstilik o qədər zəif olur ki, evin bir otağı belə isinmir”
Bakının ənənəvi problemlərindən biri də hava soyuyan kimi istiliyin verilişində tez-tez fasilələrin yaranmasıdır. Demək olar ki, hər gün bir rayonda və ərazidə bu problem yaşanır. Artıq bu məsələ ənənə halını alıb.
Növbəti belə bir hal Nizami rayonu Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Ərazidə yaşayan sakinlər bildirir ki, yeni il başlayandan istilik yoxdur: “Nə “Azəristiliktəchizat” ASC-nin, nə də qazanxananın qəbuluna düşmək mümkün deyil. Əlaqə telefonlarına isə zəng çatmır. Qaynar xəttə isə düşmək ümumiyyətlə mümkün deyil. Qazanxana işçiləri istiliyin təmin olunacağını bildirsələr də, hələ də problem həllini tapmayıb”.
Məsələyə münasibət bildirən sosial sahə üzrə ekspert Elxan Əliyev baki-xeber.com-a bildirdi ki, Azərbaycanda mövsümdən mövsümə keçid daha çox korrupsiya xarakterli bir hadisədir. "Qışa hazırlıqla bağlı ayrılan maliyyə vəsaitlərinə və silinən maliyyə vəsaitlərinə nəzər yetirsək görəcəyik ki, görülən iş bu maliyyə ilə heç vaxt adekvat olmayıb. Yeni binalarda istilik sistemləri normal işləsə də, köhnə binalarda istilik təchizatı ilə bağlı problemlər mövcuddur. Özəl binalarda müəyyən işlər görülür, amma SSRİ dönəmindən qalmış binaların böyük əksəriyyətində istilik sistemi ilə bağlı vəziyyət bərbaddır. Qonşu ölkələrdə dövlətdən verilən istiliklə nəinki evlər, binaların blokları belə isidilir ki, insanlar üçün komfort olsun. Lakin bizdə evin bir otağı belə isinmir”.
Günel CƏLİLOVA