Mətanət Əliyeva: “Hazırda Azərbaycanda vəziyyət ciddidir, xüsusilə uşaqlar arasında…”
Son günlər həm uşaqlar, həm də böyüklər arasında xəstəlik geniş yayılıb. İlk baxışda adi qrip təsiri bağışlasa da, əlamətləri bir çoxlarına koronavirusu xatırladır. Əzələ ağrıları, yüksək hərarət, baş və bədən ağrıları xəstələrin əsas şikayətləridir. Onu da bildirək ki, bu xəstəlik daha çox uşaqlarda ağır formada keçir.
Maraqlıdır, hazırda yayılan bu xəstəlik nədir və doğrudanmı koronavirus yenidən geri qayıdıb?
Pediatr Mətanət Əliyeva baki-xeber.com-a şərhində bildirdi ki, uşaqlarda pnevmoniya sıxlaşıb: “İndiki viruslar uşaqlarda 3-5 günə pnevmoniya verir. Amma vaxtında həkimə müraciət edilsə, pnevmoniyadan “qaçmaq” mümkündür. Xəstə uşaq məktəbə getməməlidir, hazırlığa getməməlidir, bağçaya da getməməlidir. Bu virus həm uşaqlar, həm də böyüklər arasında geniş yayılıb. Qrip A virusu hər il yeni ştamlarla ortaya çıxır. Hazırda Azərbaycanda da vəziyyət ciddidir. Xüsusilə uşaqlar arasında xəstələnmə halları artıb, ağırlaşmalar, pnevmoniya, aşağı tənəffüs yollarının iltihabı kimi fəsadlar müşahidə olunur. Xəstəxanalara çoxlu sayda uşaq və gəncin yerləşdirilməsi ümumi epidemioloji durumun ciddi olduğundan xəbər verir, vəziyyət o həddə çatıb ki, xəstəxanalarda yer tapılmır. Yaxşı olar ki, valideynlər xəstə uşaqları evdən bayıra çıxarmasın”.
Günel CƏLİLOVA