Azərbaycanda qanunla dövriyyəsi məhdudlaşdırılmış gizli kamera cihazlarının satışının TikTok platfomasında geniş reklamı aparılır.
Reklam olunan və gizli çəkilişlə bağlı nəzərdə tutulmuş bu kimi cihazlardan xüsusi olaraq hamam otağı üçün nəzərdə tutulmuş krantların, ofislərdə masalarda qələmlərin və digər əşyaların üzərində yerləşdirilməsinin mümkün olduğu qeyd edilir.
Baki-xeber.com xəbər verir ki, məlum cihazların satışı 21-50 manat arasında dəyişir. Qeyd etdiyimiz kimi, mini gizli kameraların reklamı ilə bağlı hazırlanmış videogörüntülər sosial şəbəkələrdə yayılıb. Orada avadanlıqların çatdırılma yolu ilə satışının həyata keçirildiyi də bildirilir. Paylaşımlara sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb. Bu qurğuların mülki satışını dəstəkləyənlər, sifariş etmək istəyənlərlə yanaşı, bunu həyata keçirənləri qınayanlar da var.
Qeyd edək ki, gizli kameraların satışı qanunvericilikdə qadağan edilib. Qanuna görə, dövriyyəsi məhdudlaşdırılmış əşyalardan qanunsuz olaraq istifadə etmə və ya satışını həyata keçirmə cinayət məsuliyyəti yaradır.
Günel CƏLİLOVA