“Azərbaycan Dövlət İdarəçilik Akademiyasında keçirilən bu tədbir gənclərin, tələbələrin təşəbbüsü ilə keçirilən bir tədbirdir. Bu gənclər müxtəlif dövlət qurumlarını, müxtəlif dini icmaları, Azərbaycan cəmiyyətinin tanınmış ictimai-siyasi xadimlərini bir araya gətirib.
Forum “İlhamlı gənclər – multikultural Azərbaycan nəsli” mövzusuna həsr olunub. Bu onu göstərir ki, gənclər bu təşəbbüsləri ilə Azərbaycandakı tolerantlıq, multikultural ənənələrə sadiqliyi bir daha vurğulayırlar. Eyni zamanda cənab Prezidentin həyata keçirdiyi siyasətə öz dəstəklərini göstərməyə çalışırlar”. Baki-xeber.com-un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə Prezident İlham Əliyevin multikulturalizm, milli-mənəvi dəyərlər və gənclər siyasəti xəttinə həsr olunmuş “İlhamlı gənclər – multikultural Azərbaycan nəsli” adlı forumunda jurnalistlərə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov deyib.
R.Həsənov vurğuladı ki, bu gün gənclərin bir klub yaratması da təqdirəlayiq haldır: “Bu klub Multikultralizm Mərkəzi ilə təmas şəklində fəaliyyət göstərəcək. Artıq Azərbaycan gənclərinin Azərbaycanın dəyərlərini dünyada tanıtması istiqamətindəki fəaliyyətlərinin belə platformalarla dəstəklənməsi çox təqdirə layiq hallardan biridir”.
Qeyd edək ki, forum çərçivəsində üç panel iclası keçirilib və burada həm səfirlər, həm elm adamları, həm müxtəlif dövlət qurumlarının rəsmiləri, həm də gənclər çıxışlar ediblər.
İradə SARIYEVA