Qroznı şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parkda ötən ilin dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin qəzası qurbanlarının xatirəsinə həsr olunmuş lövhənin açılış mərasimi keçirilib.
Azərbaycanın Moskvadakı səfirliyindən verilən məlumata görə, mərasimdə ölkəmizin Rusiyadakı diplomatik nümayəndəliyinin rəhbəri Rəhman Mustafayev, AZAL-ın prezidenti Samir Rzayev, Çeçenistanın rəhbərinin və hökumətinin Administrasiyasının rəhbəri Qalas Taymasxanov, respublikanın hökumət və parlament nümayəndələri, habelə Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən S.Rzayev xatirə lövhəsinin açılmasının həlak olanların xatirəsinə səmimi ehtiramın və insan həmrəyliyinin təzahürü olduğunu vurğulayıb.
Qeyd olunub ki, memorial lövhənin məhz Ramzan Kadırovun tapşırığı ilə 2017-ci ildə açılmış Heydər Əliyev adına parkda yerləşdirilməsi rəmzi xarakter daşıyır. Azərbaycan xalqının Ümummilli Liderinin adı dövlətçilik, məsuliyyət və insanlara xidmət ideyaları ilə ayrılmaz şəkildə bağlıdır.
S.Rzayev vurğulayıb ki, Azərbaycan və Çeçenistan xalqları arasında dostluq münasibətləri dərin tarixi, mədəni və mənəvi köklərə malikdir, qarşılıqlı hörmət və dəstək üzərində qurulub. O bildirib ki, bu faciənin xatirəsi sülhün, insan həyatının və xalqlar arasında etimadın qorunmasının vacibliyini daim xatırladacaq.
Mərasim iştirakçıları Çeçenistanın rəhbərliyinə və sakinlərinə diqqətə, mərhəmətə və həlak olanların xatirəsinə göstərilən ehtiramlı münasibətə görə təşəkkür edərək bildiriblər ki, xatirə lövhəsi humanizm, həmrəylik və xalqlarımız arasında dostluğun rəmzinə çevriləcək.
ZÜMRÜD