Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda açılış nitqi ilə çıxış edib.
Bakı-xeber.com. xəbər verir ki, ombudsman çıxışında Azərbaycanın dünyəvi dövlət kimi dövlət-din münasibətlərini Konstitusiya prinsipləri əsasında tənzimlədiyini, vicdan azadlığının və dini etiqad bərabərliyinin təmin olunduğunu vurğulayıb. Qeyd olunub ki, multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib və bu dəyərlər real həyatda da ardıcıl şəkildə tətbiq edilir.
Səbinə Əliyeva 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsini xatırladaraq, Konstitusiyanın insan hüquq və azadlıqlarının ali təminatçısı rolunu xüsusi qeyd edib. O, işğal dövründə dini abidələrin dağıdılmasını Ermənistan vandalizminin nümunəsi kimi diqqətə çatdırıb və azad edilmiş ərazilərdə dini irsin bərpasına dövlət tərəfindən göstərilən diqqəti vurğulayıb.
Nitqdə Ombudsman təsisatının dini tolerantlıq, multikulturalizm və insan hüquqları sahəsində həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə də məlumat verilib. Sonda Forumun dinlərarası dialoqun və dövlət–din münasibətlərinin inkişafına mühüm töhfə verəcəyi bildirilib.
Akif NƏSİRLİ