Azərbaycan Din Xadimlərinin II Forumunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, forum ölkədə dövlət-din münasibətlərinin sağlam və davamlı inkişafının bariz nümunəsidir.
O vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji xətt Azərbaycanda dünyəvilik, vicdan azadlığı və tolerantlığın möhkəm əsaslar üzərində qurulmasını təmin edib.
Ramin Məmmədov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif din və mədəniyyətlərin sülh şəraitində birgə yaşadığı məkandır və bu model Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılıb, bu gün isə uğurla davam etdirilir. O, dini icmaların bərabər hüquqlarla fəaliyyət göstərdiyini, dini irsin qorunması və maarifçiliyin gücləndirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Komitə sədri çıxışında dövlət-din münasibətləri modelinin Azərbaycanın milli sərvəti olduğunu bildirərək, multikultural və tolerant dəyərlərin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayıb.
Akif NƏSİRLİ