Vüqar Bayramov: “İlin sonunda ünvanlı sosial yardım alan ailələrə birdəfəlik yardımın verilməsi ondan xəbər verir ki, Azərbaycanda sosial təminat sisteminin dərinləşməsi davamlıdır”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
“Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq, 76 mindən çox ailəyə birdəfəlik maddi yardım veriləcək”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev tərəfindən verilən sərəncam təsdiq edir ki, Azərbaycan dövlətinin əsas hədəfi vətəndaşların sosial təminatının gücləndirilməsidir: “Sərəncam hazırda aktiv ünvanlı sosial yardım alan ailələlərə şamil olunacaq. Məlumat üçün deyim ki, 76 mindən çox ailəyə birdəfəlik maddi yardım şamil olunacaq. Onu da bildirim ki, yardımların alınması üçün hər hansı yeni karta ehtiyac yoxdur. Ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına pulun ödənilməsi həyata keçiriləcək.
Ümumiyyətlə, sosial yardım alacaq ailələr daha çox qayğıya, dəstəyə ehtiyacı olan ailələrdir. Bu ailələrin yaxından dəstəklənməsi, qayğının artırılması onların sosial müdafiəsinin yaxşılaşdırılmasına imkan verəcək. 2025-ci ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq Azərbaycanda sosial paket reallaşıb. Xatırladım ki, həmin sosial paket 3 milyondan çox vətəndaşı əhatə edib. Artıq ilin sonuna sayılı günlər qalıb. İlin sonunda ünvanlı sosial yardım alan ailələrə birdəfəlik yardımın verilməsi ondan xəbər verir ki, Azərbaycanda sosial təminat sisteminin dərinləşməsi davamlıdır. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə davamlı olaraq sərəncamların imzalanması, əhalinin sosial müdafiəsinin inkişafı ilə bağlı layihələrin davam etməsi ondan xəbər verir ki, 2026-cı ildə bu kimi sevincli xəbərlərin şahidi olacağıq”.
Günel CƏLİLOVA