44 günlük haqq savaşımızda neçə-neçə oddan-alovdan keçərək, misilsiz igidlik göstərib qanı bahasına torpağı Vətən edən minlərlə oğullardan biri də Namiq Abış oğlu Mayılovdur. Onun həyat yolu qısa olub, amma Vətənin taleyini özündə yaşatmaqla sona çatıb.
37 yaşında adını Azərbaycanın şanlı tarixinə yazan bu ölməzliyə qovuşan qəhrəman Biləsuvar rayonunda boya-başa çatıb. Mərd, cəsur, ağıllı, doğma yurduna bağlı bir gənc kimi yetişən Namiqi yağı düşmənin Qarabağ torpaqlarının işğalı çox narahat edib. Odur ki, məqamı gələndə dığalara qarşı vuruşmaq üçün 2007-ci ildə hərbi məktəbində gizirliyi oxuyub, tank komandiri kursunu bitirərək Naxçıvana yola düşüb. Burada nümunəvi xidməti ilə seçilib, təlimlər zamanı qazandığı hər bir uğur sanki onu qarşıda hiss etdiyi böyük qələbəyə doğru aparırdı.
Natiq qəlbən sevirdi doğma Azərbaycanı. Onun hər qarış torpağını özünə əziz bilirdi. Vətən torpaqların azadlığı uğrunda hər an döyüşə hazır olub. 2011-ci ildə könüllü olaraq cəbhə bölgəsi- Füzuli rayonuna tank taboruna gedib. Buradakı xidməti həyatının ən önəmli səhifəsi olub. Natiqin peşəkar hazırlığını, dözümlüyünü, iradəsini nəzərə alıb onu zabit kurslarına göndəriblər. O, bütün sınaqlardan alnıaçıq çıxmaqla seçdiyi peşəni mükəmməl öyrənib, zabitlərin, əsgərlərin yanında layiq olan yerini tuta bilib. Həmçinin III-II dərəcəli "Qüsursuz xidmətə görə", Azərbaycan Silahlı Qüvvələrinin 90-95-100 illiyi medallarla təltif olunub. Ölümündən sonra daha üç- “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin azadlığına görə medalları onun qəhrəman adını tarixə həkk edib...
Azərbaycanın qeyrətli övladlarının sayəsində ulu torpağın bağrına ilk qələbə bayrağı sancılan 2016-cı ilin Aprel döyüşləri başlananda yüzlərlə igid erməni dığalarına qarşı savaşa girib. Natiq kiçik leytenant rütbəsində bölük komandiri kimi yağıya sarsıdıcı zərbələr vurub. Lələtəpə uğrunda hünər göstərən Vətən oğlu aprelin 3-də ağır yara alıb. Buna baxmayaraq, qısa bir zamanda sağalaraq yenidən xidmətə qayıdıb. Daha da fədakarlıqla, qürurla çalışıb. Çəkdiyi əziyyətlər hesabına yüksək döyüş məharətinə malik bir zabit kimi yetişib. Xidmət etdiyi hərbi hissədə hamı inanıb ki, Natiqlə üz-üzə gələn erməni dığası sağ qurtarmaz. Bölük komandiri də öz növbəsində əsgərlərin, zabitlərin qarşısında düşmənlə sona qədər vuruşub qisas alacağına and içib.
Nəhayət, Namiq 2020-ci ilin 27 sentyabrda lap məktəb illərindən ürəyində gəzdirdiyi istəyinə çatıb. İkinci Qarabağ müharibəsi başlanan kimi ağır döyüşlərin qəhrəmanı olub. Düşmənə ilk endirdiyi sarsıdıcı zərbə öz nəticəsini verib, onlar çoxlu canlı qüvvə, texnika itirməklə qaçmağa üz qoyublar. “Qələbə bizimdir” deyib daim irəli can atan bölük komandiri daha sonra Füzuli rayonu uğrunda gedən döyüşlərdə idarə etdiyi tankla qorxmadan düşmənin üzərinə gedib onun ön cəbhə xəttini yarıb və bir neçə istehkam məntəqəsini, texnikasını məhv edib. Füzuli istiqamətində bir neçə kəndi zəfərlə keçəndən sonra canından əziz tutduğu tankla bərabər yağı tərəfindən vurulub. Şiddətli döyüş meydanında ən uca məqama - şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 4-də doğulduğu Biləsuvar şəhər qəbiristanlığında sevdalandığı torpağa baş qoyub.
Bəli, çətində Vətənin yükünə çiyin verən, canı bahasına onu alınmaz qalaya döndərən qəhrəman Namiqin ömrü əbədiyyətə çevrilib. O, xalqın yaddaşında əbədi yaşamaqla heç vaxt unudulmaz.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü