Rizvan Fikrətoğlu: “Təhsil ekspertlərinin əksəriyyətinin çox ciddi təhsili və işi var”
Son zamanlar təhsil ekspertləri ilə bağlı müxtəğlif fikirlər səslənir. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə media nümayəndələrinə açıqlamasında qeyd edib ki, özünü "təhsil eksperti" adlandıranların çoxu təhsil sahəsində ödənişli xidmət göstərən biznesmenlərdir:
“Ekspert" demək bu sahədə konkret fəaliyyət göstərən şəxslərdir. Əgər söhbət təhsildən gedirsə, bu şəxs ya dərs deməli, ya təhsilin idarəetmə orqanlarında çalışmalı, ya da bu sahədə elmi araşdırmalarla məşğul olmalı, məqalələri olmalıdır. Ən azı, on illik praktik təcrübəyə malik olmalı, sıravi işdən başlayaraq müəyyən pillələri keçməlidir. Yalnız bu halda kiminsə özünü “ekspert” adlandırması əsaslı olar. Amma hazırda bu sahədə kimləri görürük? Əksəriyyəti təhsil sahəsində pullu xidmət göstərən şəxslərdir. Qeyd edim ki, pullu xidmət göstərmək qanunvericiliyə zidd deyil və bu mümkündür. Lakin bu şəxslər ekspert yox, biznesmenlərdir. Biznesin isə öz qaydaları var – məqsəd gəlir əldə etməkdir”.
Maraqlıdır, təhsil ekspertləri məlum fikirlə bağlı nə düşünür?
“Kiminsə ödənişli fəaliyyət göstərməsi qanunla qadağan deyil, ödənişli xidmət də qanun çərçivəsində olmalıdır”
Təhsil eksperti Rizvan Fikrətoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası normativ hüquqi sənədlər çərçivəsində ən yüksək qüvvəyə malikdir: “Konstitusiya fikir və söz, məlumat toplamaq azadlığını təmin edir. Kimsə hər hansı bir mövzu ilə bağlı fikir bildirirsə, biz onun fikir və söz azadlığına qarşı çıxa bilmərik. O ki qaldı təhsil ekspertləri məsələsinə, onların əksəriyyətinin çox ciddi təhsili və işi var. O da məlumdur ki, tək təhsil sahəsində deyil, iqtisadiyyat, hərbi və digər sahələrdə də ekspertlər var. Ekspertlərin fikrindən narahat olmaq yox, müvafiq nəticələr çıxarmaq lazımdır. Ödənişli xidmət məsələsi haqqında onu deyə bilərəm ki, Dövlət İmtahan Mərkəzi Publik Hüquqi şəxsdir, ödənişli fəaliyyət göstərir. Kiminsə ödənişli fəaliyyət göstərməsi qanunla qadağan deyil. Ödənişli xidmət də qanun çərçivəsində olmalıdır”.
Günel CƏLİLOVA