“Şagird yaxşı öyrənmirsə, onda müəllimə niyə maaş verməliyik?". Bu açıqlamanı elm və təhsil naziri Emin Əmrullayev səsləndirib. Məlum fikir ictimaiyyət və təhsil sahəsində müzakirələrə səbəb olub.
Maraqlıdır, şagird dərsi öyrənə bilmirsə, müəllim günahkardırmı?
Məzahir Məmmədli: “Bu fikir əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuş ola bilər, çünki…”
Təhsil ekspert Məzahir Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nazir tərəfindən səsləndirilən “Əgər şagird yaxşı öyrənmirsə, müəllimə niyə maaş verilməlidir?” fikri yerində deyil: “Bu fikir əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuş ola bilər. Çünki ibtidai siniflərdə hər şeyin təşkili əsasən müəllimin üzərindədir. Ola bilər ki, nazir bu fikri məhz ibtidai siniflər üçün səsləndirib. Müəllim bu mərhələdə zaman və diqqəti düzgün yönəldərək şagirdlərin öyrənməsini təmin etməyə çalışır. Yuxarı siniflərdə isə vəziyyət fərqlidir. Belə ki, şagirdlər dərslə maraqlanmır, amma buna görə də bütün məsuliyyəti yalnız müəllimə yükləmək düzgün deyil”.
Elmin Nuri: “Nazir orada maraqlı fikir bildirib, yəni öyrənmə prosesi bir müəllim üçün təkcə öz fənnini tədris etməklə yekunlaşmır”
Təhsil eksperti Elmin Nuri “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nazir orada maraqlı fikir bildirib: “Yəni öyrənmə prosesi bir müəllim üçün təkcə öz fənnini tədris etməklə yekunlaşmır. Bu, müəllimin məktəbdəki rolunu, şagird üçün faydalılığını daha da artıracaq. Onun üçün öyrənmə prosesini daha böyük kontekstdə canlandıracaq. Buna əmin ola bilərsiniz. Nazirin sözünün alt qatında “öyrənmək” sözünün daha böyük kontekstdə izahı var - biz bu yeni modeli ona görə təqdim edirik ki, burada öyrənmək sözü böyük anlamda öyrənmək kimi tətbiq olunsun. Yəni biz müəllimə ona görə maaş verəcəyik ki, müəllim öyrənmənin məhz bu kriteriyasını həyata keçirsin. İnanın, tam səmimi şəkildə deyirəm. Sadəcə biz məsələyə yalnız bir baxış bucağından yanaşırıq".
Günel CƏLİLOVA