Azərbaycanda həm orta, həm də ali məktəblərdə istifadə olunan dərs vəsaitləri zaman-zaman müzakirə predmetinə çevrilib. Belə ki, dərsliklərin beynəlxalq standartlara uyğun hazırlanmadığı, ciddi səhvlərlə şagirdlərin və ya tələbələrin istifadəsinə buraxıldığı, bəzi təhsil müəssisələrində dərslik çatışmazlığının aradan qaldırılmadığı önə çəkilib.
Düzdür, ölkədəki orta ümumtəhsil məktəblərində vahid tədris proqramı tətbiq olunduğundan, bütün məktəblər dövlət tərəfindən dərsliklərlə təmin olunur. Eyni zamanda, dərsliklərdəki qüsurların aradan qaldırılması istiqamətində də işlər sürətləndirilib. Amma ali məktəbləri bu məsələdə şanslı hesab etmək olmaz. Çünki tələbələrin əksəriyyəti vaxtaşırı dərslik çatışmazlığı ilə qarşılaşır. Tələbələrin narazı qaldığı məqamlardan biri hələ də kiril əlifbası ilə yazılan dərsliklərdən istifadə olunmasıdır. Tələbələrin bir qismi kiril əlifbası ilə yazılan dərslikləri oxumaqda çətinlik çəkir.
“Ən ciddi dərslik problemi tibb ixtisasları üzrədir, tibb elmi hər saat dəyişir, xəstəliklərin müalicə üsulları yenilənir”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrində dərslik problemi yaşanır: “Dərslik siyasəti universitetlər üçün prioritet olmalıdır. Universitetlər dərslik siyasətinin təkmilləşməsində maraqlı olmalıdır. Ancaq reallıq ondan ibarətdir ki, bu gün universitetlərdə dərslik problemi var, bu səbəbdən də köhnə əlifbalı vəsaitlərdən hələ də istifadə olunur. Nəzərə almaq lazımdır ki, təbiət, humanitar və texniki elmlər sahəsində biliklər mütəmadi olaraq dəyişir, inkişaf edir. Bu səbəbdən də ali təhsil müəssisələrinin dərslik siyasəti düzgün qurulmalı idi. Elə dərs vəsaitləri var ki, ondan hansı dildə yazılmasından asılı olmayaraq yararlanmaq olar. Ancaq müasir dərsliklər xüsusi qaydada formalaşdırılmalıdır. Təbiət və texniki elmlər sahəsində proses köhnə dərsliklərlə idarə edilməməlidir. Bu sahə yenilik tələb edir”.
Həmsöhbətimiz hesab edir ki, universitetlərdə kiril əlifbası ilə yazılan dərsliklərdən hələ də istifadə olunmasının səbəbi dərslik yazan müəlliflərin sayının az olması ilə bağlıdır. Texniki və təbiət elmləri sahəsində dərslik problemi daha çox yaşanır. Əksər müəlliflər “copy-paste”a üstünlük verir. Dərslik yazan müəlliflərin sayı çoxalmalıdır: “Onu da deyim ki, universitetlərin kitabxana problemi də böyükdur. Yeni, elektron kitabxanaların yaradılması istiqamətində çox az işlər görülür. Həmçinin, dərsliklərin məzmununun lazımi səviyyədə olmaması keyfiyyətə təsir göstərir”.
Ekspert xüsusi olaraq vurğuladı ki, hazırki dövrdə kiril əlifbası ilə yazılan dərsliklərdən istifadə yolverilməzdir. Çünki elm günü-gündən inkişaf edir və sürətlə yenilənir. Ən ciddi dərslik problemi tibb ixtisasları üzrədir. Tibb elmi hər saat dəyişir, xəstəliklərin müalicə üsulları yenilənir. Yeni xəstəliklər, dərmanlar, müalicə üsulları tapılır. Amma Azərbaycan tələbəsi hələ də sovetdənqalma kitablardan istifadə edir: “Boloniya sisteminə qoşulmuş ölkələrdə dərslik problemi olmamalıdır. Boloniya sisteminin əsas tələblərindən biri təhsil müəssisələrinin tədris-təlim materialları ilə təmin olunmasıdır. Amma bizim universitetlərin kitabxanaları əvvəlki kimi deyil. Ona görə də tələbələr çıxılmaz vəziyyətdə qalırlar. Müəllim tələbəyə tapşırıq verir və deyir ki, materialı haradan tapırsan tap. Ona görə də tələbələrin problemi artır”.
Günel CƏLİLOVA