Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən sahələrdən biri kimi diqqət mərkəzindədir. Ölkə əhalisinin 47 faizdən çox hissəsinin kənd yerlərində yaşaması, məşğul əhalinin 36 faizdən çox hissəsinin məhz kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması sosial baxımdan kənd təsərrüfatının bir sektor kimi əhəmiyyətini daha da artırır. Belə ki, kənd təsərrüfatının funksiyalarından biri də kənd yerlərinin inkişafı, kənd yerlərində yaşayan əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına töhfə verməkdən ibarətdir.
Təəssüf ki, son zamanlar rayonlarda fərdi təsərrüfat subyektlərinin - mal-qara, yaxud da toyuq-cücə saxlayanların sayı azalıb. Fərdi təsərrüfatla məşğul olanlar bunu yemin və saxlama xərclərinin artması ilə əlaqələndirir. Qeyd edilir ki, təsərrüfat sahibləri aşağı gəlir artan xərcləri ödəmədiyi üçün çıxış yolunu heyvanları satmaqda görür. Bu səbəbdən bölgələrdə fərdi təsərrüfat subyektlərinin sayı azalıb.
“Yem və dənli məhsulların satış qiymətinin yüksəlməsi mal-qara, toyuq-cücə saxlayanların sayının azalmasına səbəb olub”
Açıqlanan statistik rəqəmlərə əsasən, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 7 342,1 mln. manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub. Məsələ ilə bağlı fikir bildirən iqtisadçı ekspert Kamran Məmmədli dedi ki, son günlər yem məhsullarının qiyməti bahalaşıb: “Belə ki, dənli bitkilər 41, ərzaq məhsulları isə 33 faiz bahalaşıb. Dənli bitkilər, yəni heyvan qidaları son bir ildə 41 faiz bahalaşıb. Dənli bitkilər bazarında qiymətin bahalaşmasının əsas səbəblərindən biri pandemiyadır. Daşınma xərclərinin bahalaşması da qiymətə öz təsirini göstərir. Okean üzərindən daşınmalar məhsulların maya dəyərinə çox ciddi təsir göstərir. Bu kimi səbəblər fərdi təsərrüfatla məşğul olanların sayına təsir edir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, kənd yerlərində yaşayan əhalinin sosial vəziyyətinin yaxşılaşması onların gəlirlərindən birbaşa asılıdır.
Günel CƏLİLOVA